Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13 faizdən çox artıb
2019-cu ilin əvvəlindən bəri qeyri-neft-qaz özəl sektorunda bağlanmış əmək müqavilələrinin sayı 2 dəfədən çox artıb.
Operativ Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, həmin dövrdən bəri qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı 541 min artıb. Hazırda ümumi əmək müqavilələrinin 57 faizi bu sektorun payına düşür. Təkcə cari ilin 10 ayında sektorda əmək müqavilələrinin sayı 49 minədək artıb.
M.Cabbarov qeyd edib ki, iqtisadiyyatda baş verən mühüm struktur dəyişikliklərindən biri də şəffaflaşmadır. 2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı 2 dəfə, ƏDV ödəyicilərinin sayı 3,5 dəfə, aktiv obyektlərin sayı isə 1,7 dəfə artıb.
Onun sözlərinə görə, cari ilin 10 ayında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13 faizdən çox artaraq qeyri-neft-qaz ÜDM-in nominal artım tempini üstələyib.
Nazir əlavə edib ki, əmək bazarının şəffaflaşması nəticəsində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində dövlət büdcəsindən ayırmaların payı 2018-ci ildəki 36 faizdən cari ilin 10 ayında 20 faizə enib.
M.Cabbarov vurğulayıb ki, 8 il əvvəl vergi islahatı paketi təqdim edilərkən məhz bu nəticələr proqnozlaşdırılıb.