Tələbənin rəsmi işlə təmin olunması prosesi necə baş verir?

Nərmin Qocamanlı
Tələbənin rəsmi işlə təmin olunması prosesi necə baş verir?

Son illərdə əmək bazarında tələbələr üçün nəzərdə tutulmuş iş elanlarının sayı artmaqdadır. Xüsusilə satış, xidmət, təhsil, İT və ofis işləri kimi sahələrdə tələbələrə yönəlik vakansiyalar daha çox təqdim olunur. Bu cür elanlar gənclərin həm maddi gəlir əldə etməsinə, həm də gələcək karyeraları üçün praktiki bacarıqlar qazanmasına imkan yaradır.

Bir çox işəgötürən, tələbələrin dərs qrafikini nəzərə alaraq, qismən iş günü (part-time) və ya çevik iş rejimi (flexible schedule) təklif edir.

Bəs tələbənin rəsmi şəkildə işə götürülməsi, əmək müqaviləsinin bağlanması və sosial sığortaya cəlb edilməsi necə həyata keçirilir?

Mövzu ilə bağlı Operativ Media-ya əmək hüquqları üzrə ekspert Sahib Məmmədov danışıb.

O, bildirib ki, tələbənin təhsil forması – əyani və ya qiyabi olması prosesin gedişinə təsir göstərə bilər:

"Tələbə qiyabi formada təhsil alırsa işəgötürən onu tam iş günü ilə rəsmi işə götürə bilər və bu halda heç bir məhdudiyyət yoxdur. Hətta tələbə diplom müdafiəsinə və ya imtahan sessiyasına hazırlaşarkən işəgötürən tərəfindən ödənişli məzuniyyət verilə bilər. Əyani formada təhsil alan tələbələr isə, əsasən, dərs saatlarından sonra və ya həftə sonları işləyə bilirlər. Onların dərs vaxtında işdə olmaması vacibdir, çünki təhsil prosesi əsas fəaliyyət kimi qiymətləndirilir".

Ekspertlər həmçinin tövsiyə edirlər ki, tələbələr rəsmi əmək müqaviləsi ilə işləsinlər, çünki bu, həm sosial sığorta ödənişlərinin toplanması, həm də gələcək karyera üçün əmək stajının formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

Şəfa Hüseynli

Digər xəbərlər