ABŞ Ukraynaya 400 milyon dollarlıq hərbi yardımı təxirə salır
ABŞ administrasiyası Konqres tərəfindən bəyənilmiş 400 milyon dollar həcmindəki hərbi dəstək paketinin Kiyevə çatdırılmasını 2028-ci ilin oktyabrı ilə 2029-cu ilin sentyabrı arasındakı dövrə qədər təxirə salmaq niyyətindədir.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, administrasiya may ayında qanunvericilərə göndərdiyi məktubda vəsaitlərin xərclənməsi planlaşdırılarkən yardımın tam ayrılmasının 2029-cu maliyyə ilində yekunlaşacağını diqqətə çatdırıb. Bu müddət ABŞ Prezidenti Donald Trampın ikinci səlahiyyət müddətinin başa çatacağı 2029-cu ilin yanvar ayından sonraya təsadüf edir. Ağ Evin bu addımı Konqresin bəzi üzvlərinin ciddi narazılığına sabəb olub.
Müvafiq yardım çərçivəsində 200 milyon dolların silah və döyüş sursatlarına, təxminən 100 milyon dolların texnika və ehtiyat hissələrinə, qalan 100 milyon dolların isə hərbi yüklərin daşınması xidmətlərinə yönəldilməsi nəzərdə tutulur.
Məsələ ilə bağlı İllinoys ştatından olan demokrat senator Dik Durbat İyulun 21-də Senatın Təxsisatlar Komitəsindəki dinləmələrdə Ağ Evin təsdiqlənmiş paketi verməkdən imina etdiyini bəyan edib və qərarın növbəti dövlət başçısı tərəfindən veriləcəyini vurğulayıb. Dinləmələrdə iştirak edən ABŞ-nin hərbi naziri Pit Haqset isə bu fikirlərə hər hansı təkzib və ya şərh verməyib.
Bundan əlavə, kentukkili respublikaçı senator Mitç Makkonnell aprelin 29-da "The Washington Post" qəzetində dərc olunan məqaləsində Müdafiə Nazirliyinin yardımı yubatdığını və Senat komitələrinin sorğularını cavabsız qoyduğunu bildirib. Qanunverici prosesin ləngiməsində əsas məsuliyyəti Pit Haqsetin siyasi məsələlər üzrə müavini Elbridc Kolbinin üzərinə qoyub.