"Liverpul" PSJ-nin vingeri ilə güclənir
İngiltərənin "Liverpul" klubu PSJ-nin və Fransa milli komandasının vingeri Bredli Barkolya ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Operativ Media xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. Mənbənin iddiasına görə, Mersisayd təmsilçisi 23 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan sözləşmə əsasında razılıq əldə edib və fransalı hücumçu təklif olunan əməkhaqqı şərtlərini qəbul edib.
Klublar arasında razılığın əldə olunması üçün "Liverpul" rəhbərliyi Paris təmsilçisi ilə transfer məbləğini müzakirə etməlidir. Fransa çempionu öz oyunçusunun satışı müqabilində təxminən 170 milyon avro qazanmaq niyyətindədir.
Daha əvvəl insayder Fabrisio Romano bildirib ki, Barkolya Paris klubu ilə 2028-ci ilin yayına kimi olan mövcud müqaviləsinin müddətini uzatmaq niyyətində deyil.
Qeyd edək ki, vinger 2025/2026 mövsümündə bütün turnirlər daxil olmaqla keçirdiyi 49 matçda 13 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub. DÇ-2026-da isə o, meydana çıxdığı 8 oyunda 3 dəfə fərqlənib və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun bozor dəyərini 90 milyon avro qiymətləndirir.