Fernandu Santuş: Azərbaycan millisinin məqsədi hər oyunda qələbə qazanmaqdır

Əziz Əzizli
Fernandu Santuş: Azərbaycan millisinin məqsədi hər oyunda qələbə qazanmaqdır

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Ukrayna ilə keçiriləcək oyunlar öncəsi mətbuat konfransı keçirib.

Operativ Media-nın məlumatına görə, təcrübəli mütəxəssis media nümayəndələrinin suallarını cavablandırıb.

Santuş əvvəlcə “Qarabağ” klubunu Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib:

“Qarabağ” üçün çox vacib nəticədir. Başda Qurban Qurbanov olmaqla bütün komandanı təbrik edirəm. Bu uğur Azərbaycan futbolu üçün böyük nailiyyətdir. Avropa bir müddət “Qarabağ” və Azərbaycan haqda danışacaq”.

Portuqaliyalı mütəxəssis legioner limiti ilə bağlı suala isə belə cavab verib:

“Bu məsələnin mənə aidiyyatı yoxdur. Mən baş məşqçiyəm, öz işimə köklənirəm. Qərarları futbol rəhbərliyi verir. Hər bir ölkə hansı addımın futbola fayda verəcəyini düşünməlidir. Portuqaliyada legioner limiti yoxdur, amma çoxlu sayda futbolçu xaricdə çıxış edir. Ölkələri müqayisə etmək düzgün olmaz”.

Komandada yer almayan bəzi oyunçular barədə danışan Santuş Bədavi Hüseynovun dəvət olunmamasına aydınlıq gətirib:

“Oynamadığı üçün bu toplanışda yoxdu. Amma bu, o demək deyil ki, onun üzərindən xətt çəkmişəm. Qarşıdakı matçlarda onu görə bilərik. Rəqabətdə çıxış etməyən oyunçu məni narahat edir, amma bu hazırkı reallıqdır”.

Qapıçı Mehdi Cənnətovun və hücumçu Vüsal İsgəndərlinin isə pasport problemlərinə görə milliyə dəvət almadığını açıqlayıb.

İslandiya və Ukrayna ilə oyunları dəyərləndirən baş məşqçi bunları deyib:

“İslandiya uzun müddətdir eyni futbolçularla çıxış edir, çox təcrübəli və aqressiv komandadır. 4-2-3-1 sxemi ilə oynayırlar, hücumda 4-3-3-ə keçirirlər. Ukrayna da çox güclü rəqibdir, bir dayaq yarımmüdafiəçisi və iki hücumameyilli oyunçu ilə çıxış edirlər. Hər iki komandanı analiz etmişik. İslandiyaya daha tez yollanacağıq ki, uzun səfərə uyğunlaşaq. Evdəki oyunda isə azarkeşlərin dəstəyinə güvənirik”.

Santuş yaxşı nəticə üçün inamlı olduğunu bildirib:

“Son toplanışlarda futbolçular çox istəkli olublar, yaxşı məşqlər edirlər. Mən, oyunçular və bütün Azərbaycan xalqı qələbə gözləyirik. Komanda hər oyuna yalnız qələbə üçün çıxır”.

Milli komandanın uğursuz nəticələri ilə bağlı tənqidlərə də münasibət bildirən təcrübəli mütəxəssis gülümsəyərək deyib:

“40 ildir baş məşqçiyəm”. 

Digər xəbərlər