Avropa Komissiyası əməkdaşlarının TikTok-dan istifadəsinə qadağa qoyub
Avropa Komissiyası (AK) işçilərinə e-poçt vasitəsi ilə ismarıc göndərərək, TikTok-un iş və şəxsi telefonlardan dərhal silmələrini xahiş edib.
"Operativ Media" xəbər verir ki, TikTok ətrafında şübhələr Atlantik okeanını keçib. ABŞ Çinin mobil tətbiqini öz ərazisindən qadağan etməyə çalışarkən, Avropa Komissiyası da narahatdır. AK İdarə Heyəti komissiyanın məlumatlarını qorumaq və kibertəhlükəsizliyini gücləndirmək üçün korporativ və fərdi cihazlarda TikTok tətbiqinin dayandırılması barədə qərar qəbul edib.
Komissiya üzvləri martın 15-dən gec olmayaraq, TikTok-u cihazlarından silməlidir. Əgər onlar buna riayət etməsələr, Komissiyanın e-poçtları və ya Skype for Business kimi funksiyalarında istifadə olunan proqramlar deaktiv ediləcək.
Bu tələb məlumatların qorunması ilə bağlı şübhələrdən irəli gəlir. Noyabr ayında TikTok etiraf edib ki, bütün dünyada, o cümlədən Fransada istifadəçilərin müəyyən şəxsi məlumatlarına platformanın əməkdaşları tərəfindən baxıla bilər.
Bildirilir ki, yanvar ayında TikTok-un rəhbəri Şu Zi Çyu (Shou Zi Chew) yeni Avropa qaydalarına əməl etməyə meyilli görünürdü. O, Rəqəmsal Xidmət Aktı (DSA) çərçivəsində Avropanın qoyduğu öhdəlikləri daha yaxşı başa düşmək üçün Brüsseldə keçirilən görüşdə iştirak etmişdi. Hətta daxili bazar üzrə Avropa komissarı Tyeri Bröton (Thierry Breton) ilə müzakirələr də aparmışdı.
AZERTAC