Yeni dərs ilinə sayılı günlər qalmış valideynləri ən çox düşündürən məsələlərdən biri məktəb ləvazimatlarının qiymətləridir.
Operativ Media-nın xəbərinə görə, qiymətlər məhsulun keyfiyyəti və markasına görə dəyişsə də, paytaxtda tanınmış məktəb ləvazimatı mağazasında aparılan müşahidələrə əsasən, ortalama mənzərə belədir:
Adi məktəb çantaları 30-40 AZN arasında təklif olunur, təkərli çantaların qiyməti isə 50 AZN-dən başlayır. Bundan başqa 20 AZN-dən aşağı qiymətə də məktəb çantası tapmaq mümkündür.
12 vərəqli dəftərlər 15 qəpik, qələmlər 35 qəpik, pozanlar 40 qəpik, karandaşyonanlar 70 qəpik, yapışqanlar isə 80 qəpikdən başlayır. Rəngli karandaş və kağızlar 2.30 AZN-dən, iş dəftərləri isə 4.40 AZN-dən başlayan qiymətlərlə təklif olunur.
Ümumilikdə, bir məktəbli üçün zəruri ləvazimatların alınması ən azı 70-100 AZN arası ilkin xərc tələb edir.
Qeyd olunan qiymətə məktəbli forması daxil deyil.
Bəs formaların qiyməti nə qədərdir?
Daha öncə "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov Operativ Media-ya bildirmişdi ki, hazırda Bakı Tikiş Evinin istehsalı olan məktəb formalarının qiymətlərində əhəmiyyətli endirimlər tətbiq olunub:
-
Qısa qol köynəklər: 12 manatdan 8 manata – 33% endirim
-
Uzun qol köynəklər: 12 manatdan 10 manata – 18% endirim
-
Şalvar və ətəklər: 20 manatdan 15 manata – 25% endirim
-
Jaketlər: 30 manatdan 20 manata endirilib – 33% endirim
Bundan başqa, idman geyimi və ayaqqabısı və digər qeyd olunmayan ləvazimatlara görə, 50-100 AZN arası xərc tələb oluna bilər.
Ümumilikdə, bir şagirdin bütün zəruri məktəb ləvazimatları, forma və idman geyimi üçün orta hesabla 210–215 AZN xərc tələb olunur.
Şəfa Hüseynli