Futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində ilk oyununu səfərdə İslandiya yığmasına qarşı keçirdi. Matç millimizin biabırçı hesabla məğlubiyyəti ilə başa çatdı. İslandlar nə az, nə çox – düz 5 dəfə qapımızın torunu silkələdi.
Oyundan əvvəl komandanın əhval-ruhiyyəsinin yaxşı olduğunu və yaxşı nəticə gözlədiyini bildirən AFFA-nın baş katibi, matçdan sonra verdiyi açıqlamada Fernandu Santuşu Azərbaycan xalqına hörmətsizlik etməkdə günahlandırdı və istefa verməzsə, tədbir görüləcəyi ilə hədələdi. Fernandu Santuş isə müqaviləsinin qüvvədə olduğunu, istefa vermək niyyətində olmadığını açıqlayaraq deyilənləri qulaqardına vurdu.
Azərbaycan futbolunun bu acınacaqlı vəziyyətinə görə bütün ittihamları yalnız baş məşqçi Fernandu Santuşun üzərinə atmaq, sadəcə olaraq, məsələni manipulyasiya etməkdir. Santuş günahkar deyil – günahkar onu bu posta gətirən, ölkə futbolunu yanlış idarə edən AFFA rəhbərliyidir.
Əgər ortada sistemsizlik, strategiyasızlıq, uşaqların və gənclərin inkişafına sıfır diqqət, futbol infrastrukturu və akademiyalara biganəlik varsa, hansı məşqçini gətirsən də nəticə dəyişməyəcək.
Bugünkü iflasın adı AFFA rəhbərliyidir. Onlar məsuliyyətdən qaçaraq bütün yükü baş məşqçinin üzərinə atmaqla işin içindən çıxmaq istəyirlər. Amma azarkeşləri aldatmaq mümkün deyil – Azərbaycan futbolunu bu hala salanların əsas günahı məhz AFFA rəhbərliyinin üzərindədir.
Dünən qrupumuzda baş tutan digər matçda Fransa millisi Ukraynanı 2:0 hesabı ilə məğlub etdi. Qrupun hazırkı vəziyyətinə görə İslandiya millisi top fərqinə görə liderdir, Fransa isə ikinci pillədə qərarlaşıb. Millimizin potensialı nə qədər aşağı olsa da, unutmayaq ki, bu qrupda lideri Azərbaycan millisi “təyin edəcək”.