
Tallinndə Estoniya Teatrında keçirilən Estoniya Xalqları Forumunun tədbirində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
"Operativ Media" xəbər verir ki, Estoniyanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev çıxışı zamanı tədbir iştirakçılarından Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edib.
“Elə oldu ki, bu gün Azərbaycan xalqı Xocalıda baş vermiş dəhşətli faciənin ildönümünü qeyd edir və fürsətdən istifadə edərək, bu gün ölkələrimizin müstəqilliyi uğrunda canlarından keçmiş bütün xalqlarımızın nümayəndələrinin xatirəsini ehtiramla yad etmək istərdim”, - N. Hacıyev bildirib.
Tədbirdə mədəniyyət üzrə vitse-mer Vadim Belobrovtsev, Estoniya parlamentinin deputatı Raivo Tamm, Estoniya Mədəniyyət Nazirliyinin departament rəhbəri Anneli Reima iştirak ediblər.