Qurban Qurbanov: "Ramil Şeydayevin qarşıdakı matçlarda bizə faydası olacaq"

Əziz Əzizli
Qurban Qurbanov: "Ramil Şeydayevin qarşıdakı matçlarda bizə faydası olacaq"

Azərbaycan Premyer Liqasının 6-cı turunda “Qarabağ” “Azersun Arena”da “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib.

Operativ Media xəbər verir ki, matçdan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Baş məşqçi oyunu şərh edərək bildirib:

“Futbolçularımı təbrik edirəm. Kaxaber Tsxadadzeyə yalnız təşəkkür düşür. Komandası intizamlı oyun göstərdi, 90 dəqiqə 10 nəfərlə mübarizə apardı. Bizim üçün vacib qələbə idi. Qolu düşünülmüş hücumdan sonra vurduq, amma bəzi elementləri meydanda az gördüm. Bəlkə də rəqib erkən azlıqda qaldığı üçün arxayınlıq oldu”, – deyə Qurbanov vurğulayıb.

Hakimin verdiyi qırmızı vərəqə ilə bağlı isə mütəxəssis belə deyib:

“11-11 oynasaydıq, nəticənin necə olacağını bilmək olmazdı. Qırmızı vərəqə həm rəqibin, həm də bizim planımızı pozdu. Belə hallar gələcəkdə hər iki komanda üçün faydalıdır”.

Qurbanov futbolçularının “Kopenhagen”lə qarşıdakı oyunu düşündüyü üçün ehtiyatlı oynaması barədə deyilənlərə də aydınlıq gətirib:

“Nə məndə, nə futbolçularda belə fikir yox idi. Hər oyuna maksimum nəticə üçün çıxırıq. Qarşıdakı matçı düşünsək, oyunumuz alınmaz”.

Komandanın hazırlığına toxunan baş məşqçi əlavə edib:

“Heyət ‘Kopenhagen’ oyununa görə formalaşa bilər. Orada 1-2 dəyişiklik ola bilər. Futbolçularımızın hazırlığı yaxşı olmalıdır”.

Qurban Qurbanov “Qəbələ”nin gənc futbolçusu Şahin Şahniyarov haqqında da danışıb:

“Belə gənc futbolçuların əsas heyətdə oynamasına sevinirəm. Çox məsuliyyətli mövqedə çıxış edir. Biz daim izləyirik. Sol və sağ cinah müdafiəçiləri də bərk idi, onları da çox bəyəndim”.

O, həmçinin Nəriman Axundzadənin “Kopenhagen”lə görüşdə şans qazana biləcəyini bildirib:

“Bəli, ən azı 15 dəqiqə oynaması mümkündür”.

Yeni transfer Ramil Şeydayev barədə isə Qurbanov qeyd edib:

“Faizlə demək düzgün olmaz. Amma hələ hazır deyil. Təcrübəli futbolçudur, sadəcə oyun təcrübəsinə ehtiyacı var. Qarşıdakı matçlarda bizə faydası olacaq. Bir az əvvəl transfer olsaydı, Çempionlar Liqasının ərizəsinə düşə bilərdi”.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində “Kopenhagen”lə üz-üzə gələcək.

Digər xəbərlər