De Bleker 6-cı turun mübahisəli epizodlarını şərh edib

Əziz Əzizli
De Bleker 6-cı turun mübahisəli epizodlarını şərh edib

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan Premyer Liqasının VI turunda baş verən mübahisəli epizodlarla bağlı açıqlama verib.

Operativ Media xəbər verir ki, bu haqda o, AFFA-nın mətbuat xidmətinə danışıb.

“İmişli” – “Zirə” matçı

36-cı dəqiqədə “Zirə”nin 4 nömrəli futbolçusu rəqibin 9 nömrəli oyunçusunu arxadan ehtiyatsızlıqla itələyib. Hakimlər briqadası epizodu qeydə almayıb, VAR isə qırmızı vərəqə epizodu olmadığı üçün müdaxilə etməyib. Televiziya görüntülərində təmas nöqtəsi dəqiq görünməsə də, gözlənti sarı vərəqə və “İmişli”nin lehinə cərimə zərbəsi idi. Əgər təmas baş və ya üz nahiyəsində aydın seçilsəydi, qırmızı vərəqə də istisna edilməzdi.

Sabah” – “Sumqayıt” matçı

16-cı dəqiqədə “Sabah”ın 11 nömrəli futbolçusu rəqibinə qarşı ehtiyatsız oyun sərgiləyib. Hakim qaydanı pozuntu kimi qeydə alaraq üstünlük tətbiq edib və top oyundan çıxdıqdan sonra sarı vərəqə göstərib. Bu, doğru qərar sayılıb.

45+2-ci dəqiqədə “Sabah”ın 21 nömrəli futbolçusunun zərbəsi “Sumqayıt”ın müdafiəçisinin qoluna dəyib. Müdafiəçinin qolu bədəninə yaxın və təbii vəziyyətdə olduğu üçün penalti verilməyib. VAR da hakimin qərarını təsdiqləyib.

78-ci dəqiqədə “Sabah”ın 20 nömrəli futbolçusu qol vurub. VAR hücumun əvvəlində “Sabah”ın 5 nömrəli futbolçusunun rəqibə qarşı qayda pozuntusu etdiyini müəyyənləşdirib. Epizod izlənildikdən sonra qol ləğv olunub, “Sumqayıt”ın lehinə cərimə zərbəsi təyin edilib və qayda pozan oyunçuya sarı vərəqə göstərilib.

90+2-ci dəqiqədə isə “Sabah”ın hücumçusu (№20) qol vurmazdan əvvəl topa əli ilə toxunub. Qaydalar bunu qəti şəkildə qolun ləğvi üçün əsas sayır. VAR hakimi məlumatlandırıb və qol ləğv olunub.

Frank De Bleker qeyd edib ki, hər iki görüşdə VAR-ın müdaxilələri və hakimlərin yekun qərarları qaydalara uyğun olub.

Digər xəbərlər