"Qarabağ" UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turunda "Kopenhagen"i 2-0 hesabı ilə məğlub etdi. Bu oyundan sonra xallarının sayını 6-a çatdıran Azərbaycan təmsilçisi hər iki oyunda qələbə qazanan 6 komandadan biridir. "Qarabağ"ın bu uğuru əksər futbol mütəxəssislərinin də diqqətindən yayınmayıb.
Operativ Media xəbər verir ki, türkiyəli futbol analitiki Eray Can Gencer Qurban Qurbanovun kollektivinin qələbəsini təhlil edib.
O, bu mükafatın sürpriz olmadığını qeyd edib.
"Bu mükafat sürpriz deyil.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” – “Kopenhagen” oyununu canlı izləyərkən ilk diqqətimi çəkən məqam Zubir ilə Cəfərquliyev arasındakı mükəmməl əlaqə oldu. Uzun illərdir bir komandada çıxış etmələrinin verdiyi üstünlüklə aralarında sanki telepatik bir bağ yaranıb.
Həm oyun quruculuğunda, həm də hücumun son mərhələsində komandanın bütün təhlükəli epizodlarını formalaşdıran məhz bu ikili idi. Zubirin topla mərkəzə doğru yönəldiyi anlarda Cəfərquliyevin topsuz qaçışlarla ona rahat hərəkət imkanı yaratması, bəzən isə Zubir topu qəbul edərkən Cəfərquliyevin cərimə meydançasının daxili koridoruna atdığı qaçışlar rəqib müdafiəsinin tarazlığını tamamilə pozdu.
Zubirin oyun ərzində ən çox ötürmə mübadiləsi apardığı futbolçunun Cəfərquliyev olması da bu güclü əlaqənin bariz göstəricisidir. Bu, təkcə ikili arasındakı harmoniyanı deyil, həm də komandanın bütövlükdə bu bağa uyğunlaşdığını göstərən taktiki bir mənzərədir.
Aşağıdakı qrafikdə də aydın şəkildə göründüyü kimi, “Qarabağ”ın yaratdığı təhlükəli hücumların böyük hissəsi sol cinahdan gəlib. Bu da Zubir–Cəfərquliyev tandeminin sadəcə fərdi bir uyğunluq deyil, həm də komandanın hücum istiqamətini müəyyən edən əsas mərkəzə çevrildiyini sübut edir.
Nəticə etibarilə, Çempionlar Liqasının ən aşağı ikinci bazar dəyərinə malik komandası olmasına baxmayaraq, bu qədər planlı, dominant və keyfiyyətli oyun nümayiş etdirmək, bu səviyyədə nəticələr qazanmaq — məhz belə incə detalların sayəsində mümkündür.
Bu, doğrudan da qürurverici və yüksək dəyərləndirilməli bir uğurdur".