Ultimate Fighting Championship (UFC) üzrə çempionat döyüşü 2026-cı il iyunun 14-də, ABŞ prezidenti Donald Trampın doğum günündə Ağ Evin ərazisində keçiriləcək.
Operativ Media xəbər verir ki, Amerika lideri bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Atlantik Donanmasının Virciniya ştatının Norfolk şəhərində yerləşən əsas bazasında ordunun 250 illiyinə həsr olunmuş çıxışı zamanı məlumat verib.
“Gələn ilin iyunun 14-də Ağ Evdə, bəli, məhz Ağ Evdə böyük UFC döyüşü keçiriləcək”, – deyə Tramp bildirib. Həmin gün ABŞ administrasiyasının rəhbəri 80 illik yubileyini qeyd edəcək.
Xatırladaq ki, iyulun əvvəlində Tramp 2026-cı il iyulun 4-də qeyd olunacaq Müstəqillik Bəyannaməsinin 250-ci ildönümünə həsr edilmiş tədbirlər çərçivəsində Ağ Evin ərazisində UFC döyüşünün keçiriləcəyini açıqlamışdı. O, bu tədbiri 20–250 min tamaşaçının izləyəcəyi “tammiqyaslı çempionat döyüşü” kimi xarakterizə etmişdi.
Qeyd edək ki, keçmiş UFC-nin iki çəki dərəcəsində çempionu, irlandiyalı Konor Makqreqor daha əvvəl Ağ Evdə UFC-nin sponsorluğu ilə keçiriləcək turnirdə iştirak etmək üçün müqavilə imzaladığını açıqlamışdı.