Avropa çempionatında komandalar arasında keçirilən III turda Azərbaycan kişilərdən ibarət şahmat yığması Polşa üzərində qələbə qazanıb – 2,5:1,5.
Operativ Media xəbər verir ki, ilk lövhədə Şəhriyar Məmmədyarov (2742) və Voytaşçek Radoslav (2654) arasında qarşılaşma heç-heçə başa çatıb. Eltac Səfərli (2630) rəqibi Simon Qumularz (2592) üzərində inamlı qələbə qazanaraq komandanın liderliyinə töhfə verib. Aydın Süleymanlı (2614) və Məhəmməd Muradlı (2584) isə müvafiq olaraq Pavel Teçlav (2563) və Yakub Kosakovski (2550) ilə bərabərə qalıblar.
Beləliklə, Azərbaycan millisi ümumi hesabda Polşa üzərində 2,5:1,5 hesablı qələbə ilə turu qalib başa vurub.
Qadınlardan ibarət yığmamız isə Fransa ilə matçda 2:2 hesablı bərabərlik əldə edib.
Ülviyyə Fətəliyeva (2410) və Xanım Balcayeva (2351) öz görüşlərində heç-heçə oynayıblar. Gülnar Məmmədova (2323) fransalı Andreea Navrotescu (2257) üzərində qələbə qazanıb, Ayan Allahverdiyeva (2220) isə Polin Qişard (2330) qarşısında məğlub olub.
Azərbaycan şahmatçılarının növbəti turdakı rəqibləri sonrakı püşkatmadan sonra bəlli olacaq.