Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Haber Global" telekanalına açıqlama verib.
Operativ Media xəbər verir ki, 53 yaşlı mütəxəssis komandasının bu mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki uğurlu çıxışını dəyərləndirib:
"Şükürlər olsun, bəlkə də bu il işimiz daha uğurlu alınar. Futbol elə bir oyundur ki, hər il uğur əldə etmək olmur. Biz əvvəlki illərdə çəkdiyimiz zəhmətlərin bəlkə də bu il daha çox bəhrəsini görürük".
Q.Qurbanov "Qarabağ"ın uğurlarının Avropa və Türkiyədə əks-səda doğurması klub üzvlərinə stimul verdiyini bildirib.
17 ildir Ağdam təmsilçisini çalışdıran baş məşqçi klubdan ayrılmaq istəmədiyini də vurğulayıb:
"Bura mənim ikinci, bəlkə də birinci evimdir. Çünki mən burada daha çox vaxt keçirirəm, nəinki ailəmdə. Amma gələcəkdə hər şey ola bilər. Hazırda böyük bir kluba keçmək fikrim yoxdur. "Qarabağ"la ildən-ilə daha da böyük nəticə əldə etmək istəyirəm".
Qeyd edək ki, Azərbaycan təmsilçisi UEFA Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. "Köhlən atlar" 1-ci turda Portuqaliyada "Benfika"nı (3:2), 2-ci turda isə evdə Danimarka "Kopenhagen"ini (2:0) məğlub ediblər. "Qarabağ" oktyabrın 22-də səfərdə "Atletik" (Bilbao) ilə qarşılaşacaq.