Azərbaycanın idman tarixində daim yeni istedadlar yetişir. Bu istedadlardan biri də gənc, lakin artıq uğurları ilə seçilən Yuniszadə Türkan Teymur qızıdır.
Operativ Media xəbər verir ki, Yuniszadə Türkan Teymur qızı 29 mart 2009-cu ildə Saatlı rayonunda anadan olub. Ailəsi ilə birlikdə uzun illərdir Bakı şəhəri, Abşeron rayonunun Görədil kəndində yaşayır.
2016-cı ildə Görədil kəndində yerləşən İlqar Yusifov adına tam orta məktəbin 1-ci sinfinə daxil olub və hazırda həmin məktəbin 10-cu sinif şagirdidir. Türkan dərslərində məsuliyyətli, aktiv və nümunəvi davranışı ilə məktəbdə də müəllimlərinin rəğbətini qazanıb.
Türkan hələ 5 yaşından idmanla məşğul olmağa başlayıb. Onun ilk idman növü koksin karate olub. Bu sahədə iki il ardıcıl çalışaraq ciddi nailiyyətlər əldə edən Türkan boz kəmər dərəcəsini alıb. Lakin onun həvəsi və əzmi daha böyük zirvələrə yönəlmişdi.
2017-ci ildən Türkan taekvando ilə məşğul olmağa başlayır və bu idman növü onun həyatında mühüm yer tutur. Səylə məşq edən gənc idmançı qısa zamanda böyük irəliləyiş əldə edib.
Hazırda Türkan taekvando üzrə qara kəmər sahibidir.
O, dördqat Respublika çempionu adını qazanıb.
İndiyədək keçirilən bir çox yarışlarda yüksək nəticələr göstərərək:
2 dəfə I yer,
1 dəfə II yer,
1 dəfə isə III yer qazanıb.
Türkan təkcə taekvando ilə kifayətlənməyib, həm də digər döyüş növlərində özünü sınayıb.
O, king boks və savat idman növlərində də uğurlar qazanaraq respublika çempionu tituluna layiq görülüb.
Həmçinin mindəki əzmkarlıq və çalışqanlıq onu beynəlxalq arenaya da çıxarıb. Türkan artıq Estoniyada və Türkiyədə keçirilən beynəlxalq yarışlarda iştirak edib və Azərbaycanı layiqincə təmsil edib.
Hazırda Türkan qarşıdakı növbəti beynəlxalq sınağa hazırlaşır. Noyabrın 18-19-da İsveçdə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək gənc idmançımız bu yarışda da ölkəmizi qürurla təmsil etməyə hazırlaşır.
Türkanın müəllimi Elməddin müəllim, onun idman hazırlığında Türkanın texnikası, fiziki hazırlığı və döyüş bacarıqları yüksək səviyyəyə çatıb.
Gənc idmançının ən böyük üstünlüyü əzmi və mübarizə ruhudur. O, daim öz üzərində işləyir, uduzmaqdan qorxmur, hər məğlubiyyəti növbəti qələbənin pilləsi kimi görür. Türkan deyir:
Hər qələbəmin arxasında çoxlu zəhmət və inam dayanır. Mən Azərbaycan bayrağını beynəlxalq arenalarda qaldırmaq üçün daha çox çalışacağam.
Yuniszadə Türkan kimi gənclər Azərbaycanın idman gələcəyinin parlaq simalarıdır. Onun bu yaşda qazandığı nailiyyətlər və yüksək hədəfləri bir daha göstərir ki, düzgün istiqamət, əzm və peşəkar rəhbərliklə hər şey mümkündür.
Türkanın uğurlu yolu gələcəkdə Azərbaycan qadın idmançılarına ilham mənbəyi olacaq.
Şəkil Qalereyası








