Qurban Qurbanov: Böyük klubların "Qarabağ"a ciddi yanaşması sevindirici haldır

Operativ Media
Qurban Qurbanov: Böyük klubların "Qarabağ"a ciddi yanaşması sevindirici haldır

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında “Atletik”ə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Operativ Media  xəbər verir ki, mütəxəssis jurnalistlərlə görüşdə bunları deyib:

– Vacib oyun olacaq. Çox yaxşı komandaya qarşı oynayacağıq. Yaxşı, özünəxas oyunu olan kollektivdir. “Atletik” müdafiədə və hücumda aqressiv oynamağı bacarır. Təcrübəmiz hər il artır. Rəqib çox istəkli olacaq, hətta istəklidir. Xal fərqini yaxşılaşdırmaq üçün qələbə qazanmaq istəyirlər. Çox hərəkət etməli olacağıq. Çalışacağıq ki, meydanda möhkəm olaq. Bu cür rəqibin tempinə davam gətirə bilməliyik. Azarkeşlərimizin mübarizəmizdən razı qalacaqlarını düşünürəm.

– Marko Yankoviç sabah meydanda olacaq?

– Yankoviç tam məşq edib. Düzdür, idman formasından bir az uzaq ola bilər. Amma çalışacağıq ki, təcrübəsindən istifadə edək. Amma hələ qərarımı verməmişəm.

– Nəriman və Kamilo Duran arasında seçim etmisinizmi? Meydana kim çıxacaq?

– Hər ikisi yaxşı formadadır. Sabaha qədər vaxtımız var.

– “Qarabağ”ın uğurları türk dünyası üçün qürurvericidir. Belə hissləri yaşamaq sizə necə hiss etdirir?

– Hər oyunumuza qardaş ölkə Türkiyədən böyük dəstək olur. Hər matçdan sonra böyük maraq göstərirlər. Onlara təşəkkür edirəm. Bu hissləri sözlə ifadə etmək olmaz. Çox xoşdur. Bizə dəyər verən insanların sayı çoxdur. Bu, istəyimizi, həvəsimizi daha da artırır. Çalışırıq ki, oyunlarımızda yaxşı keçsin.

– Hər dəfə qeyd edirsiniz ki, belə matçlarda komandalar böyüyür. Çempionlar Liqasında bundan öncə keçirdiyiniz iki oyundan hansı nəticələri çıxarmışınız?

– Dəyişiləcək nəsə yoxdur. Sadəcə futbol elə oyundur ki, burda hər il, hər oyun uğur qazana bilməzsən. Nə qədər güclü olsan belə, bəzən istədiyin nəticəni əldə edə bilmirsən. Böyük klublar var ki, bir il çempion olur, sonra bunun ardını gətirə bilmir. Kiçik futbol ölkəsiyik. Belə turnirlərdə böyük təcrübə qazanırıq. Böyük oyunlarda qələbələr də lazımdır. Sadəcə bu dəfə iki oyun, iki qələbə gələcəyə daha böyük ümid verir. Üzərimizdə daha çox çalışsaq, təkcə klub olaraq yox, ölkə futboluna inam gətirə bilərik. Çempionatımızın səviyyəsi yaxşılaşdıqca belə komandalara qarşı daha çox uğurlu oyunlar keçirərik. Çalışırıq ki, işlərimizi düzgün görək. Avropada futbol sürətli inkişaf edir. Azından onlara qarşı düzgün düşünmək, çəkinmədən mübarizə aparmaq missiyamızdır. “Qarabağ”, futbol varsa, biz də daima iş başında oluruq. Bəlkə də, nadir olan qələbələri səbirsizliklə gözləyirik.

– “Atletik”in hansı güclü tərəfləri var?

– Dinamik futbol oynayırlar. Topu rəqib cərimə meydançasına sürətlə daşıyırlar. Rəqib zonasında oyun qurmağa çalışırlar. Bu, bizə çətinlik yarada bilər. Bəzən belə anlarda çətinlik yaşayırıq. Lakin necə ki onlar rəqibə oynamağa imkan verməməyə çalışırlar, biz də elə edəcəyik. Futbolçulardan tələb edirəm ki, rəqibin oynamasına imkan verməməliyik ki, biz də oyunumuzu oynaya bilək. Rəqibə böyük hörmətlə yanaşırıq. Fərdi bacarıqları olan keyfiyyətli futbolçuları var. Bu təcrübə bizi üstələyə bilər. Üstəlik, çox gözəl stadionları var. Dəfələrlə olub ki, belə matçlarda iştirak edib, uğur qazanmışıq. İndiki məqamda futbolçulara motivasiya verdiyimiz ürəkli, dözümlü olmalıdır. 90 dəqiqə rəqibin hücumlarına dözməliyik. İnanıram ki, maraqlı oyun olacaq.

– Belə fikir var ki, “Qarabağ”ın cinahlarının qarşısını ancaq böyük klublar ala bilər…

– “Atletik” də böyük klubdur. Rəqib də diqqətli olacaq. Belə sözləri eşitmək xoşdur. Biz də rəqibi analiz edəndə güclü tərəflərinə üstünlük veririk. Səliqəli oynamağa çalışmalıyıq. Belə böyük klubların bizə ciddi yanaşması sevindirici haldır. İstəyimizi, arzumuzu daha da artırırlar.

– İki oyuna 6 xal toplamısınız. Artıq hesablamalar gedir ki, 11-12 xal pley-offa yüksəlmək olar. Belə məqamlar futbolçulara necə təsir edir?

– Hər şeyə real baxmaq lazımdır. Qarşıda 6 oyun var və bu, 18 xal deməkdir. Turnirdə iştirak edən komandalara ümumi baxsaq, güclərini görərik. Onların hər biri qarşıda 12-13 xal toplamağa qadirdir. Bu gün əlimizdə daha çox xal qazanmaq imkanımız varsa, istifadə etməyə çalışacağıq. Uğur qazanmaq üçün oyunu daha yaxşılaşdırmaq, yığcam etmək lazımdır. Bütün dünya futbolunda hər kəs istəyir ki, öz komandaları yuxarıda olsun. Bu sırada olmaq bizim üçün də xoşdur. Qarşıda xeyli böyük mübarizələr gözləyir.

Digər xəbərlər