Qurban Qurbanov: Nəriman qruplara düşməyimizdə ən böyük pay sahiblərindən biridir

Əziz Əzizli
Qurban Qurbanov: Nəriman qruplara düşməyimizdə ən böyük pay sahiblərindən biridir

"Bizim bugünkü uğurlarımız o uşaqların meydanda çəkdiyi əziyyətin, ürəklərini ortaya qoymalarının nəticəsidir.”

Operativ Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Atletik”lə oyundan sonra keçirilən mətbuat konfransında komandasının çıxışını dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis futbolçularına inandığını və onların üzərinə düşən təzyiqlərə baxmayaraq layiqli oyun sərgilədiklərini bildirib:

“Bu gün Elvin olsun, Nəriman olsun, əgər biz bu oyunçularla rəqibə təzyiq yarada biliriksə, yaxud Bəhlul və Toral kimi futbolçularla bunu bacarırıqsa, birincisi, buna sevinməliyik. İkincisi isə, onlara inanmalı və güvənməliyik. Əgər bir oyunçuya ilboyu təzyiq göstərilirsə və o, bu gün meydana çıxıb özünü 90 dəqiqə ərzində normal idarə edə bilirsə, bu, çox böyük işdir.”

Qurbanov xüsusilə gənc futbolçu Nərimanın performansını yüksək qiymətləndirib:

 “Nərimana son vaxtlar o qədər təzyiq olur ki, adamın cəmi 21 yaşı var. Mən bir məşqçi kimi onun yanında olmalı, potensialını daha da açmağa çalışmalıyam. Nəriman bizim qruplara düşməyimizdə bəlkə də ən böyük pay sahiblərindən biridir. Bütün oyunlara baxsaq, ya qol vurub, ya da assist edib. Yəni mənim tapşırığımı, rəqibə pressinq etməyi yerinə yetirib".

Baş məşqçi azarkeşlərin tələblərini də anlayışla qarşıladığını deyib:

“Azarkeşlərə də haqq qazandırmaq lazımdır. Onlar daha artığını, daha yaxşısını gözləyirlər — ilk növbədə məndən, sonra komandadan, kollektivdən. Bizim bugünkü uğurlarımız o uşaqların meydanda çəkdiyi əziyyətin, ürəklərini ortaya qoymalarının nəticəsidir.”

Digər xəbərlər