Ölkəmizdə ilk dəfə 20 noyabr 2025-ci il tarixində Gülüstan Sarayında baş tutacaq “Data, ERP və Süni İntellekt Zirvəsi”, Azərbaycanın rəqəmsal transformasiya yolunda yeni trendləri, innovativ həlləri və əməkdaşlıq imkanlarını müzakirə etmək üçün unikal bir platforma olacaq.
Operativ Media xəbər verir ki, zirvə “Arter”, “Facemark”, “Handex” və “Human Development Center” şirkətlərinin birgə təşkilatçılığı “LOGO “ şirkətinin baş sponsorluğu və “Başkent” Restoran və Şirniyyat Evinin sponsorluğu ilə həyata keçiriləcək.
“Data ilə Gələcək” konsepti ilə keçiriləcək tədbir, Azərbaycanın qlobal texnologiya bazarında rəqabət qabiliyyətini artırmaqla yanaşı, ölkənin innovasiya ekosistemində yeni imkanların yaradılması üçün də mühüm bir addım olacaq.
Zirvənin ilk paneli - “Kodlanmış gələcək: Azərbaycanda süni zəkanın oyandığı çağ” mövzusuna həsr olunacaq. Panelə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Məlumat İdarəetmə Departamentinin direktoru Kamran Ağayev moderatorluq edəcək. Müzakirələrdə “Ayes” şirkətinin təsisçisi Xəqani Səfərov, Mərkəzi Bankın Data rəhbəri Vüqar Məsimov, “Parloa GmbH” şirkətindən Tural Nəbizadə, “Virginia Tech”in kompüter elmləri ixtisası üzrə PhD tədqiqatçısı Ümid Süleymanov və PAŞA Bankın CDO-su Valeh Nəbiyev çıxış edəcəklər. Paneldə süni intellektin real tətbiqləri, dövlət və özəl sektorda məlumatların idarə olunması, həmçinin Azərbaycanda AI sahəsində yaranan yeni imkanlar müzakirə olunacaq.
“Qara qutular: AI və Data-nın içində nə var?” ikinci panel olacaq. Bu bölmədə moderator qismində “Handex” şirkətinin təsisçisi Rəşad Qurbanov çıxış edəcək. Panelin əsas spikerləri sırasında TƏBİB-in Data Analitika rəhbəri Kamran Qasımov, “Feyo Tech” şirkətinin təsisçisi Ömer Çolakoğlu, Veysəloğlu Şirkətlər Qrupunun İdarə Heyətinin üzvü Sami Öztürk və “Metric Analytics” şirkətinin təsisçisi Rövşən Nadirov yer alacaq. Müzakirələr zamanı data təhlükəsizliyi, məlumat etikası və biznes qərarlarında süni intellektin rolu kimi məsələlər diqqət mərkəzində olacaq.
Zirvənin sonuncu paneli - “ERP-nin gələcəyi: Yeni trendlər”, biznes idarəetmə sistemlərinin inkişaf istiqamətlərinə həsr ediləcək. Panelin moderatoru “Arter” şirkətinin icraçı direktoru Anar Nəbi olacaq. Sessiyada İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Fuad Məmmədov və “Ojag Consulting Services” şirkətinin direktor müavini, PMO ofisinin rəhbəri Sübhan Qaragözov çıxış edərək, ERP sistemlərinin rəqəmsal mühitdə çevik idarəetməyə necə töhfə verdiyini müzakirə edəcəklər.
Tədbir çərçivəsində iştirakçılara həm mütəxəssislərlə şəbəkələşmə, həm də data, ERP və süni intellekt sahəsində ən son təcrübələri öyrənmə imkanı yaradılacaq.
“Data, ERP və Süni İntellekt Zirvəsi”nə bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün tədbirin rəsmi saytına keçid edə və sosial media hesablarımızdan ətraflı məlumatı əldə edə bilərsiniz.
Instagram: https://www.instagram.com/aidesummit/?igsh=emJpZnY4Z2Q4M2o2#
Facebook: https://www.facebook.com/profile.php?id=61580852390665