“İnanılmaz, möhtəşəm bir atmosfer var idi. Azarkeşlər əla idi, lakin qulaq tıxacları kömək etmədi. Bir müddət sonra onları çıxartdım. Hətta indi bir az başım ağrıyır. Atmosfer doğrudan da əladır”.
Operativ Media xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının 3-cü turunda səfərdə “Qalatasaray”a 3:1 hesabı ilə məğlub olan Norveç təmsilçisi “Bodo Qlimt”in baş məşqçisi Kjetil Knutsen deyib.
Norveçli mütəxəssis "RAMS Park"da keçirilən görüşdən sonra təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
O, “Qalatasaray”ı və sarı-qırmızılı futbolçuları yaxşı tanıdıqlarını vurğulayıb:
“Bu gün komandamızda bəzi fərdi səhvlər oldu. Belə səviyyədə fərdi səhvlərə yol verildikdə nəticə də bu cür olur. Üç qolu onlara hədiyyə etdik. Hətta 3-dən çox qol da vura bilərdilər. Bu səviyyədə bizim çıxışımız kifayət qədər yaxşı deyildi. Oyuna taktiki cəhətdən yaxşı hazırlaşmışdıq, amma çox sayda fərdi səhv etdiyimiz üçün belə nəticə alındı”.
Kjetil Knutsen həm “Qalatasaray” komandasından, həm də stadiondakı atmosferdən təsirləndiklərini qeyd edərək deyib:
“Biz Çempionlar Liqasının oyununda iştirak edirik. Stadionların tam dolu olacağını gözləməliyik. Bu turnirdə səviyyə çox yüksəkdir. Bu gün komanda olaraq yaxşı oynamadıq. “Qalatasaray” güclü təzyiq göstərdi və yaxşı qol imkanları yaratdı. Nəticəyə və topa nəzarətə baxdıqda, bu, kifayət etmədi. Hər zaman olduğu kimi, bu görüşdən də öyrənəcəyimiz çox şey var”.