“Köhnə binaların sökülməsi və yenidən tikilməsi prosesi əsasən Mülki Məcəllə, Şəhərsalma və Tikinti Məcəlləsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları, Bələdiyyə və icra hakimiyyətlərinin qərarları ilə tənzimlənir”.
Bu fikirləri Operativ Media -ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.
O bildirib ki, söküləcək binada yaşayan və ya mənzil sahibi olan şəxslərin eyni ərazidə yeni mənzil ilə təmin olunmaq, pul kompensasiyası (mənzilinin bazar dəyərinə uyğun) almaq hüququ var:
“Bu, mülkiyyət hüququnun toxunulmazlığı prinsipi ilə qorunur. Bundan başqa tikinti dövründə (yeni bina hazır olana qədər) sakinlər müvəqqəti yaşayış sahəsi ilə təmin olunurlar və bu dövrdə icarə, kommunal xərclər və daşınma xərcləri adətən layihə icraçısı (investor və ya dövlət) tərəfindən ödənilir. Yeni mənzil köhnəsindən azı eyni kvadratmetr sahədə və bənzər yaşayış şəraitində olmalıdır. Bəzi layihələrdə əlavə sahə (məsələn, köhnə 40 m²-ə qarşı 45 m²) də təklif olunur. Əgər sakin razılaşmırsa Layihə icraçısı (dövlət qurumu və ya şirkət) məhkəməyə müraciət edə bilər. Məhkəmə qərarı olmadan heç kim mülkiyyətindən məhrum edilə bilməz.
Bu zaman sakin: müstəqil qiymətləndirmə şirkətindən ekspertiza tələb edə bilər, məhkəmə qərarından apellyasiya verə bilər, və mənzilə görə müvafiq kompensasiyanın artırılmasını tələb edə bilər.
Əgər bina söküntü proqramına düşübsə: Rəsmi sənədləri (mülkiyyət şəhadətnaməsi, qeydiyyat, ailə tərkibi) tam saxlayın.
Müqaviləni diqqətlə oxuyun – yeni mənzilin ünvanı, sahəsi, mərtəbəsi və təhvil tarixi qeyd olunmalıdır. Kompensasiya və ya yeni mənzil seçimini yazılı şəkildə təsdiqləyin. Lazım gələrsə, vəkil və ya hüquqşünas dəstəyindən istifadə edin”.






