Bankın texniki səhvi nəticəsində hesaba pul köçərsə, nə edilməlidir?

Ayşən Sadıxzadə
Bankın texniki səhvi nəticəsində hesaba pul köçərsə, nə edilməlidir?

“Vətəndaşlarla banklar arasında yaranan münasibətlər tərəflər arasında bağlanmış bank hesabı/kart müqavilələrinin şərtləri və bank fəaliyyətini tənzimləyən müvafiq qanunvericilik aktları ilə müəyyən edilir. Təcrübədə bu mövzu əsasən iki situasiyada ortaya çıxır: birincisi, bankın texniki və ya əməliyyat səhvi nəticəsində vətəndaşın hesabında səhvən “müsbət məbləğ” görünməsi; ikincisi isə, hesabda kifayət qədər vəsait olmadığı halda nağdlaşdırma və ya ödəniş aparılması ilə mənfi balansın (“overdraft”) yaranması”. 

Bu fikirləri Operativ Media-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 31 saylı Vəkil Bürosunun vəkili Aysel Əhmədova bildirib. 

O bildirib ki, birinci halda, ödəniş xidmətinin təchizatçısı kimi bank əməliyyatın düzgün icrasına görə məsuliyyət daşıyır və üçüncü şəxsə məxsus vəsaitin səhvən hesaba köçürülməsi aşkarlanarsa, həmin səhv mütləq aradan qaldırılmalı, vəsait geri qaytarılmalıdır: 

“Vətəndaş belə vəsaiti xərcləməməli, bankı dərhal məlumatlandırmalı, əks halda xərclənən vəsait əsassız əldə etmə (əsassız varlanma) kimi geri tələb oluna bilər; bank çıxarış üzrə düzəliş (reversal) edə və ya zərurət olduqda məhkəmə qaydasında vəsaiti tələb edə bilər.

İkinci halda — hesabda vəsait olmadığı vaxtda ödəniş/nağdlaşdırma baş veribsə, vəziyyət mahiyyətcə kredit münasibəti yaradır və “overdraft” kimi qiymətləndirilir. Əgər hesab/kart müqaviləsində overdraft və ya “texniki overdraft” açıq şəkildə nəzərdə tutulubsa, vətəndaş istifadə etdiyi məbləği müqavilədə göstərilən müddətlər, faiz dərəcələri və cərimələr üzrə geri qaytarmalıdır.

Lakin müqavilədə belə bənd yoxdursa, əsas məbləğin qaytarılması tələb olunsa da, faiz və cərimələrin tətbiqi mübahisələndirilə bilər; bank təkcə sistemin işləmə xüsusiyyətinə istinadla müqaviləsiz faiz/cərimə tələbi irəli sürə bilməz. 

Hər iki hallarda vətəndaş praktik olaraq bu addımları atmalıdır: hesabda gözlənilmədən görünən vəsaiti xərcləməmək və bankı yazılı qaydada məlumatlandırmaq; əməliyyat çıxarışını əldə edib əməliyyatın mənşəyini yoxlamaq; müqavilə şərtlərini diqqətlə araşdırmaq (overdraft/texniki overdraft, bankın səhv əməliyyatı düzəltmə hüququ, faiz və cərimə maddələri); overdraft müqavilədə nəzərdə tutulmayıbsa, faiz və cərimələrə yazılı etiraz etmək və yalnız əsas məbləği qaytarmaq; razılaşma mümkün olmadıqda isə yazılı şikayət və zərurət olduqda məhkəmə mübahisəsi yolu ilə problemi həll etmək”.

Digər xəbərlər