"Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo peşəkar karyerasında vurduğu 950-ci qol barədə danışıb.
Operativ Media xəbər verir ki, 40 yaşlı futbolçu Səudiyyə Ərəbistanı çempionatının VI turunda “Əl-Həzm”lə oyunda fərqlənib.
“İnsanlar, xüsusilə də ailəm mənə deyir: ‘Artıq dayanmağın vaxtıdır. Sən hər şeyə nail olmusan. Niyə min qol vurmaq istəyirsən?’ Amma mən belə düşünmürəm. Məncə, hələ də yaxşı oyun nümayiş etdirir, klubuma və milli komandama kömək edirəm. O halda niyə davam etməyim? İşim bitəndə əminəm ki, bununla fəxr edəcəyəm. Amma hazırda bütün illərimin bəhrəsindən zövq almağa çalışıram”, – deyə Ronaldo "Canal 11"ə açıqlamasında bildirib.
Qeyd edək ki, Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanı klubunun heyətində çıxış edir. O, bundan əvvəl “Mançester Yunayted”, “Yuventus”, “Real Madrid” və “Sportinq” komandalarında da oynayıb.






