Mənzil alarkən diqqət ediməli məqamlar açıqlanıb

Ayşən Sadıxzadə
Mənzil alımı

Mənzil alımı

“Bildiyiniz kimi, ölkəmizdə tikintiyə dövlət nəzarətini həyata keçirən xüsusi qurum — Dövlət Tikintiyə Nəzarət Agentliyi fəaliyyət göstərir. Bu qurum Fövqəladə Hallar Nazirliyinin tərkibindədir və inşa olunan binaların təhlükəsizliyinə, keyfiyyətinə və normativlərə uyğunluğuna nəzarət edir”.

Bu fikirləri Operativ Media-ya açıqlamasında mənzil eksperti Elnur Azadov deyib.


O bildirib ki, bina tikintisi zamanı agentliyin mütəxəssisləri müxtəlif mərhələlərdə obyektin ayrı-ayrı konstruktiv elementlərindən nümunələr götürür və onları laboratoriyada yoxlayırlar:

“Tikinti tam başa çatdıqdan sonra isə bina yenidən texniki baxışdan keçirilir və uyğunluq barədə rəy hazırlanır.

Bu qaydaların tətbiqindən sonra, yəni 2006-cı ildən etibarən, ölkəmizdə inşa olunan binaların keyfiyyət göstəriciləri xeyli yaxşılaşıb. O dövrdən sonrakı tikililərdə ciddi struktur problemlərinə çox az rast gəlinir və belə binalar istismara qəbul zamanı müvafiq qaydada yoxlanılır.

Zərurət yarandıqda və ya vətəndaşların müraciəti əsasında, Fövqəladə Hallar Nazirliyi yaşayış binalarında əlavə yoxlamalar da aparır. Bu prosesdə normativ tələblərə riayət olunması və təhlükəsizlik standartlarının qorunması əsas meyarlardandır.

Mənim fikrimcə, hazırda ölkəmizdə yeni tikilən binalarda ciddi risk yoxdur. Çünki bu tikililər dövlət nəzarəti altında həyata keçirilir. Burada diqqət yetirilməli əsas məqam — tikintinin vaxtında və keyfiyyətlə tamamlanmasıdır.

Vətəndaşlara tövsiyə olunur ki, mənzil alarkən mütləq tikinti şirkətinin əvvəlki fəaliyyəti ilə maraqlansınlar:
    •    Daha öncə hansı binaları inşa edib?
    •    Onlar uğurla istismara qəbul olunubmu?

Digər mühüm məsələ isə ödəmə mexanizmidir. Mənzil alan vətəndaş tikinti tam başa çatmadan şirkətə bütün məbləği ödəməməlidir. Ən azı 5 faiz vəsaiti bina istismara qəbul edildikdən sonra ödəmək daha məqsədəuyğundur. Əks halda, şirkət vəsaiti tam alandan sonra binanın istismara təhvil verilməsi ilə maraqlanmaya bilər.

Bundan başqa, MTK və MMC-lər arasında fərqə də diqqət yetirmək lazımdır. MTK Mənzil Tikinti Kooperativi adlanır və bu, bir neçə fiziki şəxsin mənzil tikintisi məqsədilə yaratdığı hüquqi birlikdir. MTK-lar qanunla şəffaflıq təmin etməlidir. Vətəndaşlar isə kooperativ üzvü olduqları halda, toplanan vəsaitlərin xərclənməsi və tikintinin gedişi barədə hesabat tələb etmək hüququna malikdirlər”.

Digər xəbərlər