AYNA: Daha 7 şəhərlərarası marşrut üzrə keçirilmiş müsabiqənin qalibləri müəyyənləşib

Operativ Media
AYNA: Daha 7 şəhərlərarası marşrut üzrə keçirilmiş müsabiqənin qalibləri müəyyənləşib

Azərbaycanda daha bir neçə istiqamət üzrə avtobus marşrutları üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.

Bu barədə Operativ Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Məlumata əsasən, Bakı – Zaqatala, Bakı – Şəki, Mingəçevir – Qazax, Bakı – Ağdam, Bakı – Gəncə, Bakı – Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Şəki – Gəncə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Bildirilib ki, Bakı – Zaqatala və Bakı – Şəki marşrutları üzrə hüquqi şəxs "Xan Sarayı" MMC, Mingəçevir – Qazax marşrutu üzrə fiziki şəxs Mustafayev Nahid Hidayət oğlu, Bakı – Ağdam marşrutu üzrə fiziki şəxs Nuriyev Fəxrəddin İsmayıl oğlu, Bakı – Gəncə marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC, Bakı – Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi) marşrutu üzrə fiziki şəxs Abbasov Kamil Şakir oğlu və Şəki – Gəncə marşrutu üzrə fiziki şəxs Xəlilov Əmiraslan Fərman oğlu qalib elan olunublar.

Qeyd edək ki, müsabiqələrin nəticələrinə əsasən, 8 marşrut üzrə istismar ediləcək 10 nəqliyyat vasitəsindən 5-i 2025-ci il istehsalı olan müasir nəqliyyat vasitələridir.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Digər xəbərlər