BilBacar müsabiqəsi 2025/2026-cı tədris ilində 3 və 4-cü sinif şagirdlərini əhatə edəcək.
Azərbaycan Respublikasının Təhsil İnstitutundan Operativ Media-ya verilən məlumata görə, müsabiqənin bu ilki məqsədi ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.
Müsabiqə hər dəfə 29-38 sual olmaqla tədris ili ərzində 4 dəfə keçiriləcək. Şagirdlərə yarışdan əvvəl hazırlaşmaq üçün hər dəfə əlavə suallar təqdim ediləcək.
Şagirdlər yarışda topladıqları ballara əsasən yer tutacaqlar və ən çox bal toplamış 450 şagird 2026-cı ilin iyun ayında final yarışında iştirak edəcək. Final yarışında qalib gələnlər isə müsabiqənin qalibi elan olunacaq və dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.






