"Kəpəz" on min, "Neftçi" isə üç min manat cərimələndi

Operativ Media
"Kəpəz" on min, "Neftçi" isə üç min manat cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Operativ Media  xəbər verir ki, iclasda Misli Premyer Liqasının 9-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Kəpəz” – “İmişli” oyununun 25-ci dəqiqəsində “Kəpəz”in qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almışdı. Bildirilib ki, bu səbəbdən 26 yaşlı qolkiper 4 oyun oyunluq cəzalandırılıb. Onun klubu 1000 manat cərimə edilib.

Eyni matçın 38-ci dəqiqəsində “Kəpəz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə Gəncə təmsilçisi 6000 manat cərimə edilib.

Həmin qarşılaşmanın 68-ci dəqiqəsində “Kəpəz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub komandası 3000 manat cərimələnib.

“Araz-Naxçıvan” – “Sabah” oyununda “Sabah”dan 4 nəfər sarı vərəqə aldığı üçün Bakı təmsilçisi 700 manat cərimə edilib.

“Qəbələ” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” komandası 3000 manat cərimələnib.

Digər xəbərlər