"Qarabağ"ın braziliyalı ulduzu Kadi Borges parataekvondoçuların məşqində olub.
Operativ Media xəbər verir ki, ziyarətin məqsədi "Qarabağ" klubunun və bu komandanın braziliyalı futbolçusu Kadi Borgesin sadiq azarkeşi gənc parataekvondoçu Amin Əliyevin arzusunu yerinə yetirmək olub. Belə ki, idmançı Kadiyə görə özünə "Kadi" ləqəbini götürüb.
Avropa Gənclər Paralimpiya Oyunlarının qızıl medalçısı 19 yaşlı paralimpiyaçımızın ən böyük arzusu, “köhlən atlar”ın ulduz futbolçusu Kadi Borgeslə görüşmək idi.
Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Taekvondo Federasiyasının məşq zalında keçirilən görüşdə idmançının arzusu gerçəkləşib. Kadi Borges parataekvondoçuların məşqinə gələrək Amin Əliyevə sürpriz edib. Braziliyalı futbolçu ona öz formasını hədiyyə edib. Səmimi anlarla yadda qalan görüşün paralimpiyaçılar üçün gələcək yarışlardan əvvəl böyük motivasiya və ruh yüksəkliyinə səbəb olacağı qeyd edilib.






