"Neftçi"nin baş məşqçisi: "Abubakarın komandada böyük rolu var”

Azərbaycan Premyer Liqasının 10-cu turunda "Neftçi" doğma meydanda "Kəpəz"i 5:1 hesabı ilə məğlub edib.
Operativ Media xəbər verir ki, qarşılaşmadan sonra "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Abasov komandanın istəkli oyun sərgilədiyini bildirib:
“Abubakarın komandada böyük rolu var, təcrübəli futbolçudur. Hər yerdə belədir ki, komanda təcrübəli oyunçunun oyununa uymağa çalışır. Biz bütün oyunlarda istəkli idik. Mətbuat konfransını bir futbolçuya həsr etsək, digər oyunçulara haqsızlıq olar".
Qarşıdakı "Qarabağ"la oyun haqda danışan baş məşqçi rəqibin müdafiəsində zəif nöqtə görmədiyini qeyd edib:
"Qarabağ"ın müdafiəsində heç bir boşluq yoxdur, günü-gündən güclənirlər. Həmin matça qədər hələ vaxt var. Qurban Qurbanova 'Çelsi' ilə oyunda uğurlar arzulayıram. Derbi maraqlı olacaq, iki yaxşı komanda qarşılaşacaq".
Oyunla bağlı narazı qaldığı məqamlara da toxunan Abasov əlavə edib:
“Elə epizodlar var idi ki, futbolçular driblinq etməyə alüdə olurdular. Amma qələbə elə şeydir ki, çox şeyə göz yumursan".