Menyu

Səhv parkinqə görə həm cərimənin tətbiqi, həm də parkinq ödənişinin çıxılması qanunidir?

Ayşən Sadıxzadə
Səhv parkinqə görə həm cərimənin tətbiqi, həm də parkinq ödənişinin çıxılması qanunidir?

Son günlər sosial şəbəkələrdə sürücülər tərəfindən paylaşılan məlumatlara əsasən, bəzi hallarda avtomobil sahibləri səhvən göndərilmiş parkinq sorğularına görə həm cərimələnir, həm də balanslarından parkinq ödənişi tutulur.

Məlumata görə, sürücü parkinqi gec aktivləşdirdikdə və ya sistemdə texniki ləngimə baş verdikdə, ödəniş avtomatik həyata keçsə də, inzibati cərimə də tətbiq olunur. Bu isə ictimai müzakirələrə səbəb olub və bir çox vətəndaş bu praktikanın hüquqi əsasının olub-olmadığını, eyni əməl üçün iki dəfə məsuliyyətin tətbiqinin qanunla nə dərəcədə uyğun gəldiyini sual altına alır.

Mövzu ilə bağlı Operativ Media-ya danışan vəkil Turan Abdullazadə bildirib ki, qanunvericiliyə əsasən, ödənişli parklanma yerinə daxil olduqdan sonra ödəniş edilməməsi, ödənilmiş müddətdən artıq dayanma və ya “əlavə ödəniş etmədən” parklanma yerinin tərk edilməsi inzibati xəta sayılır.

“Sosial şəbəkələrdə qeyd edilən "parkinqin korrekt aktivləşdirilməməsinə görə həm cərimə, həm də balansdan ödəniş çıxılması" məsələsi hüquqi baxımdan tam yanlış hesab edilə bilməz. Məsələn, sürücü parklanma yerinə daxil olur, lakin səhvən başqa parklanma zonasını seçir. Bu zaman 15 dəqiqəlik ödənişsiz müddət bitdikdən sonra həm qaydaları pozmuş olur, həm də balansından səhv yerə görə ödəniş çıxılır,” - deyə vəkil qeyd edib.

Onun sözlərinə görə, qanunvericilikdə parklanma yerlərindən ödənişsiz və ya ödənilmiş müddətdən artıq istifadə üçün cərimə nəzərdə tutulub. Yeni dəyişikliklərə əsasən, “xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmaması” halları da inzibati məsuliyyət yaradır.

“Tətbiqdən balansdan ödənişin avtomatik çıxılması sistemin daxili qərarıdır. Lakin cərimə qanunla müəyyən edilən inzibati tənbehdir. Əgər sürücü ödənişli parklanma yerinə daxil olub, lakin tətbiqi aktivləşdirməyibsə, səhv aktivləşdiribsə və ya ümumiyyətlə SMS göndərməyibsə, bu halda cərimə tətbiq oluna bilər. Yəni ‘balansdan ödəniş çıxılması + cərimə’ halı hüquqi baxımdan mümkündür. Ancaq texniki nasazlıq və ya sistem səhvi səbəbindən belə vəziyyət yaranarsa, sürücü qərarın düzgünlüyünü şübhə altına alıb, onu mübahisələndirə bilər,” - Turan Abdullazadə bildirib.

Vəkil hesab edir ki, bu məsələdə sürücülər də daha diqqətli olmalıdırlar:

“Vətəndaşlar parklanma yerini aktivləşdirərkən ehtiyatlı davranmalı, düzgün zonanı seçdiklərindən əmin olmalıdırlar.”

Nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, elektron və mobil əsaslı parkinq mexanizmləri nəqliyyatın idarə olunmasını asanlaşdırmaqla yanaşı, şəffaflıq və operativlik baxımından da üstünlüklər yaradır.

“Hazırda tətbiq edilən parkinq sistemi ümumilikdə səmərəli və funksional hesab olunur. İstifadəçilərin əksəriyyəti bu sistemdən mütəmadi istifadə edir və ciddi texniki problemlərlə qarşılaşmır. Bununla belə, bəzi vətəndaşların mobil texnologiyalardan istifadə bacarığının məhdud olması sistemin imkanlarından tam faydalanmalarına mane olur,” - ekspert vurğulayıb.

Elməddin Muradlının sözlərinə görə, mobil tətbiqlər vasitəsilə parkinq ödənişlərinin həyata keçirilməsi ən rahat və etibarlı üsuldur. Lakin SMS əsasında aparılan ödənişlərdə bəzən texniki gecikmələr və ya nasazlıqlar müşahidə oluna bilər.

“Bu kimi hallar sistemin etibarlılığına ciddi təsir göstərmir, amma mobil operatorlardakı texniki nasazlıqlar səbəbindən istifadəçi təcrübəsini müvəqqəti çətinləşdirə bilər. Buna görə də əhali arasında rəqəmsal savadlılığın artırılması və mobil texnologiyalardan istifadənin təşviqi vacibdir. Zamanla texniki problemlər aradan qalxacaq və parkinq sistemindən istifadə daha rahat olacaq,” - ekspert əlavə edib.

Əlaqəli Xəbərlər