"Napoli"nin belçikalısı əməliyyat olundu
Əziz Əzizli

"Napoli"nin yarımmüdafiəçisi Kevin De Brün əməliyyat olunub.
Operativ Media xəbər verir ki, bu haqda futbolçu sosial şəbəkə hesabında yazıb.
"Hər kəsə salam, hamınızın bildiyi kimi, mən bir müddət fasilə verəcəyəm. Yaxşı xəbər budur ki, əməliyyat mükəmməl keçdi. Artıq yoluma qayıtdım! Bütün mesajlara görə təşəkkür edirəm!", - deyə belçikalı yarımmüdafiəçi qeyd edib.
Futbolçu İtaliya çempionatının 8-ci turunun "İnter"lə oyununda (3:1) zədələnib. 33-cü dəqiqədə De Brün penaltini yerinə yetirib və zərbədən dərhal sonra onun bud nahiyəsini tutub. Daha sonra o, əvəzlənib. Sonra məlum olub ki, belçikalının sağ budunda biseps bud əzələsi cırılıb.
2025/26 mövsümündə De Brün 11 matçda 4 qol vurub. O, 2025-ci ilin yayından “Napoli”də çıxış edir.