TƏBİB: 2025-ci ildə tibbi xidmət və sığorta göstəricilərində artım qeydə alınıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 2025-ci ilin ilk doqquz ayı üzrə tibbi xidmətlərin icrası və sığorta göstəricilərində artım müşahidə olunduğunu bildirib.
Operativ Media xəbər verir ki, bu barədə qurumun Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva İcraçı direktor Vüqar Qurbanovun sədrliyi ilə keçirilən müşavirədə məlumat verib.
Məlumata görə, yanvar–sentyabr ayları ərzində icra edilən tibbi xidmətlərin miqdarı 59,1 milyon, reyestr məbləği isə 697,5 milyon manat təşkil edib. Bu, illik proqnozun 90 faizinə bərabərdir.
Hesablamalara əsasən, 2025-ci ilin sonuna qədər tibbi xidmətlərin ümumi miqdarının 80 milyon, reyestr məbləğinin isə 936 milyon manat olacağı gözlənilir.
2025-ci ilin ilk yarısında TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 2024-cü ilin eyni dövrü ilə müqayisədə bir sıra göstəricilərdə müsbət dinamika qeydə alınıb. Belə ki, sığortalıların tibbi xidmətə müraciət sayında 4 %, icra olunan xidmətlərin ümumi sayında 21 %, reyestr məbləğində isə 6 % artım müşahidə edilib.
TƏBİB-in məlumatına görə, tabeli tibb müəssisələri tərəfindən icra edilən təkrarlanmayan unikal xidmətlərin payı 58 % təşkil edib, tibbi göndərişlərin sayında isə 63 % artım qeydə alınıb. Ümumilikdə, 87 tibb müəssisəsindən 52-si sığorta fəaliyyəti üzrə qənaətbəxş nəticə göstərib.
Səbinə Quliyeva bildirib ki, reyestr göstəriciləri, tibbi göndərişlər və cərrahi xidmətlər üzrə məlumatların təhlili davamlı aparılır. Bu nəzarət tədbirləri icbari tibbi sığorta çərçivəsində xidmətlərin şəffaf və keyfiyyətli icrasına xidmət edir.
O qeyd edib ki, TƏBİB-in əsas məqsədi tibbi xidmətlərin maliyyə dayanıqlığını təmin etməklə yanaşı, sığortalıların xidmətlərə əlçatanlığını artırmaqdır. Bu məqsədlə göstəricilər üzrə sistemli analiz aparılır və resursların səmərəli bölgüsü həyata keçirilir.