Menyu

“Çelsi”dən UEFA-ya rəsmi şikayət – “Qarabağ” U-19 matçında irqçilik iddiası

Əziz Əzizli
“Çelsi”dən UEFA-ya rəsmi şikayət – “Qarabağ” U-19 matçında irqçilik iddiası

“Çelsi” klubu UEFA Gənclər Liqasında “Qarabağ” U-19 komandasına qarşı keçirilən oyunda irqi ayrı-seçkilik davranışlarının qeydə alındığını bildirib. BBC də daxil olmaqla bir neçə mənbənin məlumatına görə, bəzi azarkeşlər “Çelsi” futbolçularına qarşı meymun səsləri çıxarıb və jestlər ediblər.

Operativ Media xəbər verir ki, klubun rəsmi açıqlamasında qeyd olunur ki, “Çelsi”nin U-19 komandası həmin gün keçirilən UEFA Gənclər Liqası matçında oyunçularına qarşı irqi təhqir hallarının baş verdiyini bildirib.

“Çelsi”nin gənclər komandası matçı 5:0 hesabı ilə qazansa da, Sol Qordonun ilk qolu qeyd etdiyi an bir qrup “Qarabağ” azarkeşi futbolçulara yaxınlaşıb. Oyunu izləyən BBC əməkdaşlarının və şahidlərin məlumatına əsasən, azarkeşlər tərəfindən meymun səsləri və jestləri edilib ki, bu da irqi ayrı-seçkilik göstəricisi hesab olunur.

Hadisə səbəbindən oyun bir neçə dəqiqəlik dayandırılıb.

“Çərşənbə günü keçirilən UEFA Gənclər Liqası matçı zamanı bəzi oyunçularımızın tribunadakı bir şəxs tərəfindən irqi təhqirə məruz qalması ilə bağlı baş verən hadisədən xəbərdarıq. İrqçilik və ayrı-seçkiliyin bütün formaları qəbuledilməzdir və futbol, eləcə də cəmiyyət üçün yeri yoxdur. Biz bu hərəkəti qətiyyətlə pisləyirik”, – “Çelsi”nin bəyanatında bildirilib.

İngiltərə klubu əlavə edib ki, bütün futbolçulara dəstək verilir və məsələ ilə bağlı UEFA nümayəndəsinə rəsmi şikayət təqdim olunub.

Öz növbəsində “Qarabağ” U-19 komandası baş verən hadisəyə görə üzr istəyib və bu davranışın klubun dəyərlərini əks etdirmədiyini bildirib. Klub məsələ ilə bağlı daxili araşdırma aparacağını da açıqlayıb.

Əlaqəli Xəbərlər