Fariz Əkbərov: Məsafədən iş anlayışı Əmək Məcəlləsinə daxil edilməlidir

“Yerli qanunvericilikdə distant (məsafədən) iş anlayışının daxil edilməsi ilə bağlı ilkin təşəbbüs “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb”.
Bu fikirləri Operativ Media-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov bildirib.
Onun sözlərinə görə, milli qanunvericilikdə yalnız zərurət yarandığı hallarda Nazirlər Kabinetinin müvafiq qərarları əsasında müvəqqəti tətbiq olunan distant (məsafədən) işin uzunmüddətli və sistemli tənzimlənməsinə ehtiyac var:
“Əmək Məcəlləsinin 3-cü maddəsində əks olunan əsas anlayışlar siyahısına distant (məsafədən) iş anlayışının əlavə olunması, əməyin mühafizəsi qaydalarında dəyişiklik edilməsi, eləcə də tərəflərin məsuliyyəti ilə bağlı təkliflər təqdim edilib. Bununla yanaşı, ənənəvi şəkildə bağlanan əmək müqavilələrində sonradan distant (məsafədən) işə keçidin mümkün olacağı hallar və tərəflərin müqavilə azadlığına uyğun razılaşmaları da nəzərdə tutulub.
Distant (məsafədən) işin ölkələrin əmək qanunvericiliyinə daxil edilməsini zəruri edən bir sıra amillər mövcuddur. Bu amillərin bir qismi anlayışın hüquqi tənzimlənməsinin üstünlüklərini göstərsə də, digər amillər müəyyən mənfi tərəflərin mövcudluğunu ortaya qoyur.
İşəgötürən üçün üstünlüklərdən biri işçilərin funksiyalarını icra etməsi üçün daimi iş məkanına ehtiyacın olmaması və bunun nəticəsində məkanla bağlı xərclərin azalmasıdır. Həmçinin, uzaq məsafədən yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsi işgüzar məhsuldarlığın artmasına səbəb ola bilər.
Əks tərəfdən isə əmək funksiyalarının vaxtında və tam yerinə yetirilməsi üçün tələb olunan avadanlıqların çatışmazlığı məhsuldarlığı aşağı sala bilər. Eyni zamanda komanda mühitinin zəif olması və tapşırıqlara nəzarətin çətinləşməsi işəgötürən üçün müəyyən risklər yaradır.
Digər tərəfdən, distant (məsafədən) iş sistemi işçilərin sosial həyatına mənfi təsir göstərərək onları daha depressiv psixoloji vəziyyətə sala bilər”.
