Menyu

Bayram günlərində regionlarda hotellərin doluluq səviyyəsi rekord həddə çatıb

Ayşən Sadıxzadə
Bayram günlərində regionlarda hotellərin doluluq səviyyəsi rekord həddə çatıb

8–11 noyabr tarixlərindəki tətil günlərində Azərbaycanın region hotelləri rekord səviyyədə doluluq göstərib. 

Bu barədə Operativ Media-ya “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri və “Azərbaycan Ekoturizm Assosiasiyası”nın İcraçı direktoru Samir Dübəndi məlumat verib.

O bildirib ki, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar yaranan ardıcıl dörd qeyri-iş günü daxili turizm bazarında ciddi canlanmaya səbəb olub.

Ölkənin ən populyar turizm istiqamətləri — Qəbələ, Quba, Qusar (Şahdağ), Şəki və Lənkəran — bayram günlərində 90–100 faiz doluluqla fəaliyyət göstərib. Ən yüksək doluluq Qafqaz Tufandağ, Qafqaz Riverside, Quba Palace, Pik Palace, Shahdag Hotel & Spa və Lankaran Springs kimi premium hotellərdə müşahidə edilib. Bu hotellərin əksəriyyəti bayrama 5–7 gün qalmış bütün otaqlarını sataraq stop-sale rejiminə keçib.

Orta seqmentdə də vəziyyət aktiv olub. Macara Lake Park, Gabala Karvansaray, Sheki Palace və Riva Hill Resort hotelləri 85–95 faiz doluluqla işləyib. Ailəvi istirahət üçün seçilən kənd qonaq evləri və günlük kirayə villalarda da doluluq 80–90 faiz civarında olub.

Paytaxt Bakıda isə əks tendensiya müşahidə edilib — hotellərin doluluğu 50–65 faiz arasında dəyişib. Bu vəziyyət daxili turistlərin əsasən regionlara üz tutması ilə əlaqələndirilir.

Bayram günlərində artan tələbat nəticəsində regionlardakı premium hotellərdə qiymətlər 60–75 faiz, orta seqmentdə isə 25–40 faiz civarında yüksəlib. Bununla belə, əvvəlcədən rezervasiya edən ailələr münasib tariflərdən yararlana biliblər.

“Uzunmüddətli qeyri-iş günlərinin nəticələri göstərib ki, Azərbaycanın daxili turizm bazarı getdikcə formalaşır və regional hotellər yüksək tələbi idarə etmək gücünə malikdir. Bu dinamika bölgələrdə iqtisadi aktivliyi artırır və yeni turizm investisiyalarının zəruriliyini gündəmə gətirir”, - o, qeyd edib.

Əlaqəli Xəbərlər