Yanğınların çoxu elektrik xəttinin yüklənməsindən yaranır - Mütəxəssis xəbərdarlıq edir

"Qış mövsiminə keçid dövründə məişət yanğınlarının sayı adətən artır. Havalar soyuduqca elektrik qızdırıcılarından və qaz cihazlarından daha çox istifadə edilir və bu da yanğın riskini yüksəldir. Bu dinamika həm paytaxtda, həm də regionlarda özünü göstərir".
Bu sözləri Operativ Media-ya açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev deyib.
O bildirib ki, yanğınların əsas səbəbi köhnəlmiş elektrik xətləri və elektrik avadanlıqlarının düzgün istifadə edilməməsidir:
“Hadisələrin təxminən yarıdan çoxu elektrik xəttinin həddindən artıq yüklənməsi səbəbindən baş verir. Qaz sızması ilə bağlı baş verən yanğınların sayı daha azdır, amma risk yenə də yüksəkdir.
Mövsüm ərzində ən çox yanğına səbəb olan amil nəzarətsiz qoyulan cihazlar və qızdırıcılardır. Halbuki sadə qaydalara əməl etməklə bu hadisələrin qarşısını almaq mümkündür. Elektrik qızdırıcıları yalnız saz vəziyyətdə və normaya uyğun şəkildə işlədilməlidir. Köhnəlmiş naqillərdən istifadə etmək olmaz. Bu cihazlar işlədiyi müddətdə mütləq nəzarətdə saxlanmalıdır.
Qaz cihazlarından istifadə edilən evlərdə də qaz sızması nəticəsində partlayış riski mövcuddur. Bunun qarşısını almağın yeganə yolu cihazlardan düzgün istifadə və daimi nəzarətdir.
Mütəxəssislər bildirirlər ki, vaxtında görülən profilaktik tədbirlər və təhlükəsizlik qaydalarına əməl olunması yanğınların qarşısını almağın ən effektiv yoludur. Təhlükəsizlik hər kəsin gündəlik həyatının bir parçasına çevrilməlidir”
