Emin Əmrullayev: Kənd məktəblərinə peşəkar müəllim cəlb etmək çətindir
Kənd məktəblərində musiqi və təsviri incəsənət fənləri üzrə müəllim çatışmazlığı hələ də aktuallığını qoruyur.
Operativ Media xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev məsələ ilə bağlı jurnalistlərə açıqlama verərkən problemin əsas səbəbinə toxunub.
Nazir bildirib ki, müəllimlərin çatışmamasının əsas səbəbi həmin məktəblərdə dərs saatlarının çox az olmasıdır:
“Əslində kifayət qədər müəllim var. Lakin kənd məktəblərində dərs yükü az olduğundan, bu, müəllimlər üçün iqtisadi cəhətdən sərfəli hesab edilmir. Bu səbəbdən həmin məktəblərə peşəkar müəllim cəlb etmək çətinləşir”.
Emin Əmrullayev maaş sisteminin dəyişdirilməsinin vacibliyini də vurğulayıb:
“Bizim təklifimiz saat hesablı maaş sistemindən tədricən uzaqlaşmaqdır. Əgər bununla bağlı başqa təkliflər də varsa, onları dinləməyə hazırıq. Bu problemi qısa müddətdə həll etmək mümkün deyil, zaman tələb olunur. Vacib olan odur ki, artıq həll istiqamətində addımlar atılıb və proses davam etdiriləcək”.