Menyu

Heyvan bazarlarındakı qadağa nə zaman aradan götürüləcək? - AÇIQLAMA

Ayşən Sadıxzadə
Heyvan bazarlarındakı qadağa nə zaman aradan götürüləcək? - AÇIQLAMA

Regionlarda bazarların bağlı olması səbəbindən fermerlər heyvanlarını satmaqda çətinlik çəkirlər.

Operativ Media-ya danışan fermerin sözlərinə görə, bu vəziyyət onların sosial durumuna ciddi təsir edir. Bazarlar işləmədiyi üçün fermerlər heyvanları çox ucuz qiymətə satmalı olurlar.

Bazarlarda qadağa nə zaman aradan götürüləcək?

Məsələ ilə bağlı AQTA-dan Operativ Media-ya verilən məlumata görə, oktyabrın 25-dən etibarən fəaliyyəti müvəqqəti dayandırılan bir sıra bazarlarda yenidənqurma və baytarlıq-sanitariya, sanitar-gigiyenik tələblərə uyğunlaşdırma prosesi davam edir:

"Heyvan bazarlarında dezobaryerlərin quraşdırılması, heyvanların saxlanılması üçün sahələrin yenilənməsi, ərazinin təmizlənməsi və sair kimi işlər görülür.

Həmçinin baytarlıq nəzarəti üçün zəruri infrastruktur yaradılır. Bu sırada Bərdə, Zaqatala, Şamaxı və digər heyvan satışı bazarlarının adını çəkmək olar. Adıçəkilən bazarlarda hazırda rekonstruksiya işləri davam edir və onların yenidən fəaliyyətinə icazə verilməsi məsələsinə baxılacaq. 

Təəssüflə bildiririk ki, Agentlik tərəfindən aparılan monitorinqlər onu göstərir ki, bəzi heyvan bazarlarında hələ də təmir və rekonstruksiya işlərinə başlanılmayıb. Qeyd edək ki, Agentliyin regional bölmələri tərəfindən heyvan bazarı sahiblərinə müvafiq metodiki dəstək göstərilib, eskiz layihələr təqdim olunub. Lakin, 20 gündən artıq bir vaxt  keçməsinə baxmayaraq, bir sıra heyvan bazarlarında heç bir iş görülməyib. 

Baytarlıq-sanitariya norma və tələblərinə cavab verməyən belə heyvan bazarlarının fəaliyyətə başlaması mümkün olmayacaq. AQTA bir daha xəbərdarlıq edir ki, bazarların fəaliyyətə başlaması bilavasitə bazar sahiblərindən asılıdır. İnfrastrukturun normativ tələblərə uyğun şəkildə tam yenilənməsi, uyğunsuzluqların aradan qaldırılması və Agentliyin yekun qiymətləndirməsindən sonra həmin bazarların fəaliyyətinə icazə veriləcək”.

Əlaqəli Xəbərlər