Neymarın ailəsi Pelenin brendinin hüquqlarını 18 milyon dollara alıb

“Santos”un hücumçusu Neymarın atasına məxsus “NR Sports” şirkəti braziliyalı futbolçu Pelənin brend hüquqlarını 18 milyon dollara satın alıb.
Operativ Media xəbər verir ki, bu barədə UOL məlumat yayıb.
Nəşrin xəbərinə görə, “NR Sports” Pelənin şəkilləri, arxiv materialları və kommersiya hüquqlarını əldə edib. Razılaşmanın rəsmi elanı noyabrın 19-da gözlənilir.
Pele Braziliya millisinin heyətində üç dəfə Dünya Kubokunun qalibi olub. O, karyerasının böyük hissəsini “Santos”da keçirib, 1975–1977-ci illərdə isə “Nyu-York Kosmos” klubunda çıxış edib. Əfsanəvi futbolçu 2022-ci ildə 82 yaşında vəfat edib.
33 yaşlı Neymar “Santos”un aşağı yaş qrupları sisteminin yetirməsidir. Bu mövsüm o, klubun heyətində bütün turnirlərdə 24 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.