Ronaldo Donald Trampla görüşəcək

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo ABŞ prezidenti Donald Trampın qonağı olacaq.
Operativ Media “The Mirror”un məlumatına görə, futbolçu Ağ Evə rəsmi səfər edəcək.
Hücumçu noyabrın 18-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı Ağ Evə müşayiət edəcək. Trampın şahzadə ilə görüşündən sonra portuqaliyalı futbolçu da çıxış edəcək.
Ronaldo yaxınlarda ABŞ prezidentinə imzalı formasını hədiyyə edib və Pirs Morqana verdiyi müsahibədə Donald Trampın görüşmək istədiyi ən vacib şəxslərdən biri olduğunu bildirib.
Portuqaliyalı jurnalistlərin məlumatına görə, Ronaldonun Ağ Ev rəhbəri ilə görüşündə dünya çempionatından əvvəl ABŞ və Portuqaliya arasında yoldaşlıq görüşünün təşkili müzakirə olunacaq. Tərəflər, həmçinin 2026-cı il dünya çempionatının keçirilməsi ilə bağlı bir sıra məsələləri də nəzərdən keçirəcəklər.
2026-cı il dünya çempionatı 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Portuqaliya millisi mundialın final mərhələsinə vəsiqə qazanıb.