Azərbaycanlılar Yeni ili harada keçirəcək? — Populyar istiqamətlər və qiymətlər
Yeni il ərəfəsində Azərbaycanda xüsusilə turizm bölgələrində hotellərə tələbat kəskin artır.
Artan maraq səbəbindən qiymətlər adi günlərlə müqayisədə bir neçə dəfə bahalaşır və bir çox hotellər yalnız xüsusi paketlər - qala gecəsi, səhər yeməyi, spa və əyləncə proqramı daxil olmaqla xidmət təklif edir.
“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri Samir Dübəndi Operativ Media-ya bildirib ki, Yeni il həm xarici səfərlər, həm də daxili turizm üçün ən yüksək dinamikanın müşahidə olunduğu dövrdür:
“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə hotellərdə ümumi gecələmələrin sayı 4,28 milyona çatıb. Bu göstərici əvvəlki illə müqayisədə 25,1% artım deməkdir. Gecələmələrin 54,8%-i – 2,35 milyonu – xarici turistlərin payına düşüb”.
Mütəxəssis bu artımı Yeni il tətilləri də daxil olmaqla, bayram dövrlərində turizm axınının güclənməsi ilə izah edir.
Azərbaycanlıların Yeni il üçün ən çox seçdiyi xarici istiqamətlər:
- Türkiyə (İstanbul, Antalya, Bursa, Uludağ) – alış-veriş və qış turizminə görə birinci sıradadır.
- BƏƏ (Dubai) – ailəvi istirahət üçün ən populyar istiqamətlərdən biridir.
- Gürcüstan (Tbilisi, Gudauri) – vizasız giriş və yaxın məsafəyə görə üstünlük verilir.
- Avropa şəhərləri (Praqa, Budapeşt, Roma, Paris) – xüsusilə gənclərin qrup turlarında artım müşahidə olunur
- Misir (Şarm əl-Şeyx) – qış fəslində dəniz istəyən turistlər üçün əlverişli seçimdir.
Daxili turizmdə pik mövsüm
Daxili səfərlərdə isə Yeni il tətilləri ən yüksək doluluğun qeydə alındığı dövrdür. Ümumi gecələmələrin 39%-dən çoxu regionların payına düşür.
Ən çox tələbat olan istiqamətlər:
- Şahdağ (Qusar) – qış turizminin lideri; paketlər ən tez dolan istiqamətdir.
- Qəbələ – Tufandağ – ailəvi proqramlara və əyləncə parklarına görə seçilir.
- Şəki – Oğuz – Qax – mədəni və butik turizmdə populyarlıq yüksəkdir.
- Lənkəran – Astara – spa və wellness xidmətlərinə maraq artır.
- Bakı hotelləri – qala gecələri və premium paketlərlə yüksək doluluq nümayiş etdirir.
Ekspertin sözlərinə görə, dekabrın son günlərində və 1–2 yanvar tarixlərində hotellərin qiymətləri adətən 20–30% bahalaşır.
O, daha uyğun qiymətə istirahət üçün rezervasiyanı əvvəlcədən etməyin lazım olduğunu bildirir:
"Xüsusilə Şahdağ, Qəbələ, Lənkəran və Bakı otellərində son günlər boş yerlər məhdudlaşır. Qiymətləri müqayisə etmək lazımdır. Bayram dövründə 10–20% artım normal hesab olunur".
Yeni il ərəfəsi otellərin qiymətləri — Araşdırma
● Marxal Resort & Spa (Şəki)
Yeni il paketləri: 1420–5100 AZN
(Standart otaqlardan tutmuş 8 nəfərlik villalara qədər.)
● Qafqaz Karvansaray Hotel (Qəbələ)
Yeni il paketi: 2 gecə – 1390 AZN
(Adi günlər: bir gecə 138 AZN)
● Bless Hotel Cottage (Qəbələ)
Yeni il üçün qiymətlər: 940 AZN
(Adi günlər: 108 AZN)
● Sheki Palace Hotel
Yeni il paketi: 2 gecə – 660 AZN
(Adi günlər: 1 gecə 109 AZN)
● Pik Palace Hotel (Qusar)
Yeni il paketləri: 3 gecə – 4450 AZN
(Adi günlər: 195 AZN)
● Park Chalet Hotel (Qusar)
Yeni il üçün 3 gecəlik paket: 3850 AZN
● Tufandağ Hotel (Qəbələ)
Yeni il paketi: 1700 AZN
(Adi günlər: 430 AZN)
● Qafqaz Riverside Hotel (Qəbələ)
Yeni il paketi: 1600 AZN







