Etibarnamə ilə maşın almağın hansı riskləri var?

"Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi sənəd etibarnamə sayılır. Yəni, etibarnamə vəkalət sənədidir. Lakin başqasının sizə verdiyi etibarnamə sizə tam sahiblik hüququ vermir və bu sənəd əsasında öz adınızla mülkiyyət rəsmiləşdirmək mümkün deyil".
Bu sözləri Operativ Media-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.
O bildirib ki, etibarnamə verən tərəf həmin sənədi istənilən vaxt ləğv edə bilər:
“Bu baş verdikdə siz hüquqi baxımdan tam müdafiəsiz vəziyyətə düşə bilərsiniz. Nəticədə aldığınız əmlak əlinizdən çıxa bilər və heç kimi məsul tutmaq da mümkün olmayacaq. Yəni nə mal qalacaq, nə də hüquqi təminat. Bütün risk sizə məxsus olacaq.
MTK ilə bağlanılan xüsusi müqavilələr istisna olmaqla, əmlakla bağlı bütün alış-satış əməliyyatları mütləq notarial qaydada rəsmiləşdirilməlidir.
Qısacası, başqasının verdiyi etibarnamə sizə mülkiyyət hüququ qazandırmır və bu yolla edilən alışlar gələcəkdə ciddi problemlərə səbəb ola bilər. Bu gün ucuz qiymətə və ya müəyyən rüsumlardan yayınmaq üçün rəsmiləşdirmədən aldığınız əmlak sabah əlinizdən çıxa bilər — və bu zaman heç kimi günahlandırmaq mümkün olmayacaq. Günahkar yalnız siz olacaqsınız.
Hüquqi təhlükəsizlik üçün diqqətli olun”.
