Siyavuş Novruzov: Ağdamın tarixi şöhrətini geri qaytaracağıq

"Ağdam vaxtilə Azərbaycanın ən varlı və inkişaf etmiş rayonlarından biri olub. Kənd təsərrüfatı sahəsində ən çox pambıq istehsal edən rayonlar sırasında Bərdə və Ağdam xüsusi yer tuturdu".
Bu sözləri Operativ Media-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, müharibə başlayanda erməni silahlı qüvvələrinin əsas hücum istiqamətlərindən biri məhz Ağdam olub:
"Ən çox müdafiə batalyonları burada fəaliyyət göstərirdi və onların bir çox üzvü göstərdikləri şücaətə görə Milli Qəhrəman adına layiq görülərək şəhidlik zirvəsinə ucaldı.
Mən də həmin dövrdə orada döyüşmüşəm. Buna görə də o hadisələr yaxşı yadımda qalıb. Qarabağ bölgəsini də çox yaxşı tanıyıram.
Bu gün Ağdam sürətlə inkişaf edir. Cənab Prezidentin rəhbərliyi ilə artıq Ağdama qatarlar hərəkət edir, Ağdam Avtovağzalı tam fəaliyyət göstərir.
Yadımdadır, bir vaxtlar Ağdamdan Füzuliyə getmişdim. Xocavənd adlandırılan ərazidən keçmişdim. O zaman Ağdam–Füzuli marşrutu da işləyirdi.
Ağdamın istehsal etdiyi məhsullar həm dünyada, həm də keçmiş postsovet məkanında geniş tanınırdı. Biz bu şöhrəti tam şəkildə bərpa edəcəyik.
Hazırda Ağdamda Muğam Mərkəzi tikilib, Ağdam şəhəri və Ağdam məscidi yenidən qurulur. Bu layihələrin hər biri Azərbaycan xalqına və dövlətinə xidmət edir".