Ölkəmizdə keçirilən Data, ERP və Süni İntellekt Zirvəsi uğurla yekunlaşıb

20 noyabr tarixində Gülüstan Sarayında keçirilən Data, ERP və Süni İntellekt Zirvəsi data analitika, ERP, süni intellekt və rəqəmsal transformasiya sahələrində fəaliyyət göstərən yüzlərlə mütəxəssisi bir araya gətirərək ölkəmizin texnoloji ekosistemində yeni bir mərhələ açıb.
Operativ Media xəbər verir ki, Data, ERP və Süni İntellekt Zirvəsi bu il ilk dəfə olaraq ölkəmizdə biznes tədbirlərin təşkilatçılığı üzrə ixtisaslaşan “Facemark” şirkəti, biznesinizi rahat və səmərəli idarə etmək üçün 15 illik təcrübəyə əsaslanan qabaqcıl ERP həlləri təqdim edən “Arter’ şirkəti, texniki, rəqəmsal, biznes bacarıqları üzrə ixtisaslaşmış təlim və xidmət mərkəzi olan “Handex” şirkəti, fərdi, korporativ inkişaf üçün təlim və konsaltinq xidmətləri göstərən ixtisaslaşmış “Human Development Center” şirkətlərinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Zirvə 3 paneldən ibarət olmaqla gün ərzində davam edib. “ERP-nin gələcəyi: Yeni trendlər”, “Qara qutular: AI və Data-nın içində nə var?”, “Kodlanmış gələcək: Azərbaycanda süni zəkanın oyandığı çağ? panelləri üzrə 3 moderator və 17 spiker fikir mübadiləsi aparıb.
Tədbir LOGO şirkətinin baş sponsorluğu və “Insure.az” və “Başkent” Restoran və Şirniyyat Evinin sponsorluğu ilə baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra “Facemark” şirkətinin təsisçisi Rafiq Hunaltayın açılış nitqini etməsi ilə davam edib.
Tədbir açılış mərasimindən sonra keynote çıxışlar, 3 böyük panel, musiqili proqram və şəbəkələşmə sessiyaları ilə davam edib.
Zirvədə keynote spiker qismində Tural Nəbizadə (Parloa GmbH – Agentic Conversational AI üzrə məhsul meneceri) “AI First Mindset: Dəyişikliyin Qərb Çalarları və Orta Menecmentin Gücü”, Ömer Çolakoğlu (Microsoft Data Platform MVP) “Kendisi Yapay, Etkisi Gerçek” və İsmail Duran (Logo Group – CTO) “Azərbaycanda İşin Gələcəyi: Süni İntellektlə Gücləndirilən Yeni Nəsil Biznes Tətbiqləri” mövzuları ilə çıxış ediblər.