Bolt sürücülərinin köhnə avtomobillərlə xidmət göstərməsi ilə bağlı şikayətlər artıb
Operativ Media

Bolt sürücülərinin köhnə avtomobillərlə xidmət göstərməsi ilə bağlı şikayətlər artıb.
Operativ Media-nın qaynar xəttinə müraciət edən vətəndaş bildirib ki, Bolt tətbiqi vasitəsilə taksi sifariş edərkən ekranda göstərilən avtomobil məlumatı ilə gələn real nəqliyyat vasitəsi çox vaxt uyğun gəlmir.
Onun sözlərinə görə, komfort sinfi seçməsinə baxmayaraq, xidmətə köhnə və zədələnmiş avtomobil göndərilib.
Vətəndaş qeyd edib ki, bu hallarla ilk dəfə qarşılaşmır.
Mövzu ilə bağlı taksi şirkətinə sorğu ünvanladıq.
Şirkətdən saytımıza verilən cavabda bildirildi ki, bu kimi halların qarşısının alınmasında sərnişinlərin aktiv rolu çox önəmlidir:
“Bolt-un əsas məqsədi sərnişinlərə və sürücülərə təhlükəsiz, rahat xidmət təqdim etməkdir. Biz sürücülərin qaydalara əməl etməsini daima izləyir və sərnişinləri təhlükəsizlik mövzusunda mütəmadi olaraq məlumatlandırırıq.
Qanunvericiliyə görə, yalnız lisenziyalı nəqliyyat vasitələri Bolt tətbiqi vasitəsilə xidmət göstərə bilər. Lakin bəzən sürücülər qeydiyyatda olan avtomobildən fərqli və lisenziyası olmayan nəqliyyat vasitələrindən istifadə etməyə cəhd göstərirlər.
Bu halların qarşısını almaq üçün Bolt tərəfindən məhz Azərbaycan bazarı üçün xüsusi yaradılan Car Verification Tool (Avtomobilin Doğrulanması Aləti) 2025-ci ilin yanvarından etibarən tətbiq olunur. Sistem sürücülərdən ay ərzində bir neçə dəfə təsadüfi vaxtlarda avtomobilin uyğunluğunu təsdiq etməyi tələb edir və uyğunsuzluqların vaxtında müəyyənləşdirilməsinə şərait yaradır.
Bununla yanaşı, sərnişinlərin dəstəyi də çox vacibdir. Əgər hər hansı uyğunsuzluq, təhlükəli davranış və ya lisenziyasız fəaliyyət müşahidə olunarsa, bu barədə tətbiq üzərindən şikayət etmək mütləqdir. Sərnişinlərin məlumatları sayəsində biz qaydanı pozan sürücüləri daha operativ şəkildə müəyyən edib platformadan uzaqlaşdıra bilirik.
Eyni zamanda bildiririk ki, sürücülərin şəxsiyyətinin yoxlanılması məqsədilə Bolt tətbiqinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən hazırlanan SİMA üztanıma texnologiyasının inteqrasiyası üzərində iş aparılır. Bu sistem sayəsində sürücülərin kimliyi daha dəqiq təsdiqlənəcək və təhlükəsizlik səviyyəsi yüksələcək.”