Menyu

Uşaqların reklam çəkilişlərində iştirakı qanunla necə tənzimlənir?

Ayşən Sadıxzadə
Uşaqların reklam çəkilişlərində iştirakı qanunla necə tənzimlənir?

"Uşaqların reklam və kommersiya çəkilişlərində iştirakı Azərbaycan qanunvericiliyi və etik normalara uyğun həyata keçirilir".

Bu barədə Operativ Media-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Teymur Mərdanoğlu bildirib ki, uşaqlar yalnız onların maraqlarına uyğun və təhlükəsiz şəraitdə çəkilişlərə cəlb oluna bilər:

“Uşağın psixoloji, fiziki və mənəvi inkişafına zidd olan hər hansı hərəkət, davranış və ya görüntü qadağandır. Çəkiliş zamanı valideyn və ya qanuni nümayəndənin razılığı mütləq olmalı, uşağın yaşına uyğun olmayan rəqs, geyim və davranışların reklam məqsədilə nümayişi yolverilməzdir. Uşağın iştirakı ilə bağlı kommersiya fəaliyyətinin istismar xarakteri daşımaması əsas prinsipdir”.

O, həmçinin qeyd edib ki, bu sahədə mütəmadi monitorinq aparılır, sosial şəbəkələrdə və mediada yayılan uyğun olmayan məzmunlarla bağlı araşdırmalar həyata keçirilir və aidiyyəti qurumlarla birlikdə tədbirlər görülür. Eyni zamanda, reklam istehsalçıları, kontent yaradıcıları və valideynlər arasında maarifləndirmə işləri davam etdirilir.

Mətbuat katibi bildirib ki, ictimai nəzarətin güclənməsi və vətəndaş müraciətlərinin artması uşaqların təhlükəsizliyinin təmin olunmasına və istismarın qarşısının alınmasına töhfə verir.

“Komitə uşaqların təhlükəsizliyi və istismarın qarşısının alınması istiqamətində fəaliyyətini gələcəkdə də ardıcıl şəkildə davam etdirəcək”, – deyə Teymur Mərdanoğlu vurğulayıb.

Əlaqəli Xəbərlər