Yasamalda baş verən yanğın zamanı üç nəfər ölüb - FOTO - YENİLƏNİB 4
21.11.2025-ci il tarixində saat 19:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Operativ Media xəbər verir ki, çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bu ana qədər ümumilikdə 20 nəfər (5 nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
3 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.
21:25
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.
Operativ Media xəbər verir ki, mənzillər yanğından mühafizə olunub.
20:50
Paytaxtın Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar Mirəli Seyidov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərkəti yol polisi əməkdaşları tərəfindən qısamüddətli məhdudlaşdırılıb.
Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında qeyd edilib.
20:33
Paytaxtın Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
DİN-in Mətbuat Xidmətindən Operativ Media-ya bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik, təxliyyə və digər zəruri tədbirlər görülür.
20:15
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Operativ Media xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.