Menyu

Bakı qışa hazırdırmı? - AÇIQLAMA

Ayşən Sadıxzadə
Bakı qışa hazırdırmı? - AÇIQLAMA

Qış fəslinin gəlişinə artıq bir aydan az vaxt qalıb. Azərbaycanda qış rəsmi olaraq 21 dekabr saat 19:03-də başlayacaq.

Operativ Media xəbər verir ki, bu dövrdə temperaturun aşağı düşməsi, güclü şaxtalar və bəzən qar yağışı paytaxt sakinlərinin gündəlik həyatına mənfi təsir göstərir.

Paytaxt Bakı üçün qış ayları həm də nəqliyyatın, kommunal xidmətlərin və gündəlik fəaliyyətin sınaqdan keçirildiyi dövr kimi yadda qalır.

Soyuq hava şəraiti ilə əlaqədar şəhərin hazır olması, əhalinin təhlükəsizliyi və rahat hərəkəti üçün vacibdir.

Bəs Bakı qışa hazırdırmı?

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Operativ Media-ya bildirilib ki, paytaxtda qışa hazırlığın vəziyyəti ilə bağlı BŞİH-də keçirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq noyabrın ikici yarısından etibarın şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir:

“Müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirə edilməsi olacaq. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, şəhərin kommunal və digər xidmətlərinin rəhbərləri də iştirak edirlər. 

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qış mövsümünə hazirlığı,  verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayırlar.

Qış aylarında güclü qar yağması etimalı ilə əlaqədar rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Artıq hər il olduğu kimi hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb ediləcəkdir.

Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə cəlb ediləcək”.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentindən Operativ Media-ya bildirilib, artıq üç ildir Bakının yollarında qum istifadə edilmir, yalnız duz səpilir:

“Qış mövsümü üçün duz ehtiyatı kifayət qədərdir və əlavə olaraq yeni duz tədarükləri də həyata keçirilib. Bununla yanaşı, kommunal xidmətlər üçün əlavə xüsusi təyinatlı texnika alınıb. Mövcud texnika, həmçinin rayon idarə və təşkilatlarının nəzdində olan avadanlıqlar tam hazır vəziyyətə gətirilib”.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə sorğumuza cavab olaraq bunları bildirib ki, hazırda ADSEA tərəfindən içməli su və tullantı su təchizatının yaxşılaşdırılması və yeni infrastruktur təminatı məqsədilə bir sırha irihəcmli layihələr icra olunur:

"Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan kanalizasiya kollektoru, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Sahil kollektoru, Zığ-Hövsan kanalizasiya kollektorunun qurulması istiqamətində hazırda müntəzəm tikinti-quruculuq işləri icra olunur. Bu layihələrin icrası tullantı sularının idarə edilməsinə, ekoloji vəziyyətinin yaxşılaşdırılmasına və intensiv yağışlar zamanı subasma hallarının qarşısının alınmasına imkan yaradacaq. 

Həmçinin payızda mövsümlə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən bütün tullantı və yağış xətlərində monitorinqlər aparılır. Yağış kollektor quyularına, daşıyıcı xətlərə ayrı-ayrılıqda baxış keçirilir. Tutulmalar müşahidə olunan xətlərdə texnikalar vasitəsilə yuyulma işləri icra olunur. Ərazidəki şəbəkələr payız-qış mövsümünə hazır vəziyyətə gətirilir. 

Ancaq nəzərə almaq lazımdır ki, hər bir kollektorun müəyyən daşıma həcmi mövcuddur. İntensiv leysan xarakterli yağışlarda kollektorlar həddindən artıq yüklənə bilir. Həmçinin o da məlumdur ki, elə ərazilər var ki, orada təchizat sistemi mövcud deyil. Belə hallarda bu kimi ərazilərdə intensiv yağıntılar zamanı suyun ətrafa toplanması müşahidə edilir. Bu kimi problemlərin aradan qaldırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Tullantı su şəbəkəsi mövcud olmayan ərazilərə müvafiq sukanal idarələrinin qəza briqadaları cəlb edilərək istismar qaydalarının mümkün şərtləri çərçivəsində yığılan suyun maşınlar vasitəsilə qismən və ya tam çəkilməsi təmin edilir”.

Əlaqəli Xəbərlər