"Napoli"nin baş məşqçisi: "Qarabağ" keyfiyyətli futbolçulara malikdir"

"Ayntraxt Frankfurt"la oyunu unutmaq, tez bir zamanda toparlanmaq lazımdır.
Operativ Media xəbər verir ki, bunu "Napoli" klubunun baş məşqçisi Antonio Konte "Qarabağ"la oyundan öncə təşkil olunan mətbuat konfransında deyib. Təcrübəli baş məşqçi hesab edir ki, bu qarşılaşma onun üçün dönüş nöqtəsi ola bilər: "Enerjini dərhal bərpa etmək lazımdır. "Atalanta" ilə oyunda çox enerji sərf etdik, bu, böyük komandaya qarşı oynayanda normaldır. Amma həmin oyundakı çıxışı və qələbəni özümüzlə gətiririk, bunlar bizi sabah üçün motivasiya edir. Bu matç Çempionlar Liqasının yolunda vacib addım olacaq. Psixoloji baxımdan yaxşı durumdayıq və hər şeyimizi ortaya qoymalı olduğumuzu bilirik", – deyə baş məşqçi bildirib.
Konte kağız üzərində asan görünən bu qarşılaşmanın əslində belə olmadığını Konte vurğulayıb:
"Qarabağ" bu Çempionlar Liqasının sürpriz komandasıdır. Onların 7 xalı var və bu xalları "Benfika" və "Çelsi" kimi çətin meydanlarda qazanıblar. Yaxşı inteqrasiya olunmuş çoxlu legionerləri var, yüksək tempdə oynayırlar, keyfiyyətli futbolçulara malikdirlər. Böyük oyun sərgiləmək lazım olacaq".
Müdafiənin üçlü sistemində davam edib-etməyəcəyi ilə bağlı sualı isə belə cavablandırıb:
"Üç müdafiəçi ilə oynamağımız yaranmış vəziyyətin nəticəsidir. Xüsusilə də iki mərkəz yarımmüdafiəçi ilə oynamaq baxımından. Bu, bizə ehtiyatdan əlavə variant yaradır. Vəziyyətdən düzgün istifadə edib, meydanda nə etdiyini bilən təşkilatlanmış komanda qurmalıyıq. Futbolçuları oyuna ən yaxşı hazır vəziyyətdə çıxarmalıyam".
Komandada itkilər qalsa da, şənbə günü göstərilən oyuna və qələbəyə davam gətirmək istəyinin olduğunu deyib:
"Zədəlilər siyahısı uzundur. Hər bir məşqçi müəyyən şeylərə – işə və hazırlığa nəzarət edə bilər, amma bəzi şeylər var ki, onları nəzarətdə saxlamaq olmur. Mövsümün əvvəlindən bəri ciddi itkilərin yerini doldurmaq məcburiyyətində qalmışıq. Başqa həll yolları axtaracağıq, bu çətin dönəmi idarə etməyin ən yaxşı yolunu tapmağa çalışacağıq", – Konte bildirib və əlavə edib: «"Höylund və Rrahmani özlərini yaxşı hiss edirlər, şənbə günkü əvəzetmələr razılaşdırılmışdı. Onlar intensiv dövrdən çıxmışdılar. Gilmur və Spinatsola? Bəzən istəyirəm ki, həkimlər daha çox danışsın, çünki bu məsələdə onlar məndən daha ixtisaslıdırlar. Onların zədələri əzələ tipi deyil, amma bərpa vaxtını dəqiq deyə bilmərəm".