Levandovski yanvarda Türkiyə liqasına keçə bilər
"Barselona"nın hücumçusu Robert Levandovski karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
Operativ Media "Fichajes"ə istinadən xəbər verir ki, "Fənərbaxça" futbolçu ilə ciddi maraqlanır.
Mənbə bildirir ki, İstanbul klubu yanvarda polşalı hücumçu ilə müqavilə imzalamağa çalışacaq və ona uzunmüddətli anlaşma təklif etməyi planlaşdırır. Türkiyə klubunda hazırda hücum xəttində Con Duran və Yussuf En-Nesiri kimi futbolçular yer alır. Komandanın baş məşqçisi Domeniko Tedesko heyəti Levandovski ilə daha da gücləndirməyi qarşısına məqsəd qoyub.
Bununla belə, Levandovski "Barselona"dan ayrılmaq istəmir. Futbolçu Kataloniya klubunda qalmaq niyyətindədir. Klub rəhbərliyi isə onun effektivliyinin azaldığını düşündüyü üçün Robertlə yolları ayırmaq qərarına gəlib.
Təcrübəli hücumçunun transferi ilə Səudiyyə Ərəbistanı klubları da maraqlanır. Buna baxmayaraq, Levandovskinin hələlik Yaxın Şərqə yollanmağa hazır olmadığı bildirilir. O, bir neçə mövsüm də Avropada çıxış edib karyerasını burada başa vurmağı hədəfləyir.
Məlumat üçün qeyd edək ki, Levandovski 2022-ci ildən "Barselona"nın formasını geyinir. Hücumçu indiyədək klubun heyətində 161 oyuna çıxıb, 109 qol vurub və 20 məhsuldar ötürmə edib. Bu mövsüm isə o, ümumilikdə 14 oyunda iştirak edib və 8 qola imza atıb.
"Transfermarkt" portalı futbolçunun dəyərini 10 milyon avro olaraq qiymətləndirir.